AZ

İraqın baş naziri: ABŞ qoşunları çıxarıldıqdan sonra şiə silahlı qruplar tərksilah ediləcək...

Əl-Sudani bildirib ki, hökumət 2026-cı ilə qədər bütün qeyri-rəsmi silahlı qüvvələri dövlət nəzarətinə alacaq...

Poliqon xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ölkədəki bütün silahlı qrupların dövlət nəzarətinə qaytarılması üçün plan hazırlandığını açıqlayıb. O, “Reuters” Agentliyinə müsahibəsində bildirib ki, bu proses yalnız ABŞ və digər xarici qüvvələrin İraqdan çıxarılmasından sonra mümkün olacaq, çünki bəzi silahlı dəstələr bu qüvvələri “işğalçı” kimi görür.

“Qoşunların çıxarılmasından sonra, əlbəttə, dövlət strukturlarından kənarda fəaliyyət göstərən bütün silahlı dəstələrin ləğvi üçün konkret proqram həyata keçiriləcək. Bu, bütün qrupların tələbi və ümumi razılaşmadır”, deyə əl-Sudani vurğulayıb.

Baş nazir əlavə edib ki, döyüşçülərə iki seçim veriləcək: ya rəsmi təhlükəsizlik orqanlarına qoşulmaq, ya da silahı yerə qoyaraq siyasi fəaliyyətə keçmək. Hökümət başçısının sözlərinə görə, hazırda ölkədə təhlükəsizlik vəziyyəti sabitləşib və buna görə də beynəlxalq koalisiyanın mövcudluğu artıq əsaslandırılmır.

Əl-Sudanidən bölgədə “Hizbullah” kimi silahlı təşkilatlara qarşı artan beynəlxalq təzyiqlə bağlı mövqeyi soruşulduqda, o, İraqdakı vəziyyətin Livandan fərqli olduğunu bildirib. Baş nazirin sözlərinə görə, hökumət qanunsuz silahlı qrupların tərksilahı üçün siyasi və hüquqi çərçivələr üzərində işləyir və bu proses “addım-addım, daxili razılaşma əsasında” aparılacaq.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr