AZ

Ermənistana növbəti dəfə “azərbaycanlıların qayıdışından narahat olmayın” mesajı verildi...


Arzuxan Əlizadə: “Azərbaycanlıların öz doğma yurdlarına qayıtması qaçılmazdır”

“Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”. Bunu Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.

Ölkə başçısı deyib ki, azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmayıb: “Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”.

“Məqsədimiz Cənubi Qafqazda sülhün və əminamanlığın, dinc yaşayışın təmin edilməsidir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, azərbaycanlıların öz doğma yurdlarına qayıtması qaçılmazdır: “Gec ya da tez, bu baş verəcək. Ona görə ki, azərbaycanlılar oranın əzəli sakinləri olublar. Əsrlər boyu orada yaşayıblar. O da məlumdur ki, ermənilər Cənubi Qafqaza köçürülmə xalqdır. Məsələ ondadır ki, vaxtilə çar Rusiyası tərəfindən həyata keçirilmiş köçürmə siyasəti etnik və dini tərkibi dəyişmək məqsədi daşıyıb. Rus imperiyası regionun etnik və milli tərkibini dəyişməkdən ötrü məqsədyönlü şəkildə erməniləri Cənubi Qafqaza köçürdü. Çünki bundan öz imperiya məqsədləri üçün istifadə edirdilər. Azərbaycanlıların öz doğma torpaqlarından sıxışdırılıb çıxarılması, onların üzləşdikləri zülm və iztirab aparılan imperiya siyasətinin nəticəsi idi. İrandan və Şərqi Anadoludan Cənubi Qafqaza etnik və dini tərkibi dəyişmək üçün erməniləri gətirdilər. Daha sonra yer adlarımızı, toponimlərimizi dəyişdirdilər. Basarkeçəri Vardenis, Zəngəzu Sünik adlandırdılar. Halbuki, erməni adlarının heç bir etimoloji, tarixi əsası yox idi. Yer adlarının və toponimlərin dəyişdirilməsi azərbaycanlıların Ermənistandan deportasiyası ilə paralel şəkildə aparıldı. Ancaq bütün bu müsibətlərin baş verməsi o demək deyil ki, azərbaycanlıların Ermənistana qayıtması hansısa separatizmə səbəb olacaq. Azərbaycanlılar harada yaşayıblarsa, orada mehribançılıq, qarşılıqlı hörmət olub. Azərbaycanlılar yaşadıqları ölkələrin qanunlarına hörmətlə yanaşıblar. Məqsədimiz Cənubi Qafqazda sülhün və əminamanlığın, dinc yaşayışın təmin edilməsidir. Bu regionda ədalət bərqərar edilməlidir”.

Vidadi ORDAHALLI

Seçilən
31
baki-xeber.com

1Mənbələr