AZ

Aİ bir yandan Rusiyanı qılınclayır, o yandan 67 milyard avroluq ticarət edir...


Məhəmməd Əsədullazadə: “İndi Almaniya iqtisadi əlaqələrdən tamamilə imtina etməkdən ehtiyat edir”

Avropa İttifaqı hələ də Rusiyanın üç ən böyük ticarət tərəfdaşından biri olaraq qalır. Almaniya İqtisadiyyat İnstitutunun hesablamalarına görə, 2024-cü ildə Rusiya ilə Aİ ölkələrinin ticarət dövriyyəsi 67,5 milyard avro olub.

Avropa İttifaqının üzvləri arasında Rusiya ilə ən çox ticarətinə malik ölkə Almaniyadır: $9,5 milyard. İkinci yerdə Fransa və Niderland gəlir. Onların Rusiya ilə ticarət dövriyyəsi 6 milyard dollardan bir qədər çoxdur.

Burada qəribə olan məqam odur ki, Avroittifaq bir tərəfdən ən sərt sanksiyalardan dəm vurur, indiyə qədər 19 sanksiya paketi qəbul edib. Eyni zamanda, digər ölkələrin də Rusiyaya qarşı sanksiyalara qoşulmasına səy göstərir. O biri tərəfdən məlum olur ki, Aİ hələ də Rusiya ilə böyük həcmdə ticarət dövriyyəsinə malikdir. O zaman bunun anlamı nədir?

“Avroittifaqın iqtisadi əlaqələrdən tam imtina etməməsi Rusiya üçün əlavə nəfəslikdir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Avroittifaq Rusiyaya qarşı 19 paket qəbul etsə də, bu effektiv deyil: “Təəccüb doğuran məqam odur ki, hələ də bir sıra Aİ ölkələri Rusiya ilə iqtisadi əlaqələri saxlayırlar. Bunların içində Aİ-nin iqtisadi nəhəngləri olan Almaniya da, Fransa da var. Bütün bunlar öz növbəsində Rusiyaya milyardlarla avronun daxil olmasına və nəticədə rus hərb maşınının ayaqda qalmasına öz töhfəsini verir. Təbii ki, bu olmasa, Rusiya üçün müharibəni aparmaq çətin olacaq. Aİ-nin iqtisadi əlaqələrdən tam imtina etməməsi Rusiya üçün əlavə nəfəslikdir. Bunun sayəsində Rusiya iqtisadiyyatı müəyyən qədər ayaqda duracaq. ABŞ prezidenti Donald Tramp da çalışır ki, Avropa ölkələri Rusiyadan neft-qaz alışını dayandırsınlar. Bu istiqamətdə atılacaq addımlar Rusiya iqtisadiyyatına böyük zərbə olacaq. Ancaq problem ondadır ki, Almaniya, Fransa Rusiya ilə fundamental iqtisadi əlaqələrə malikdir. Ukrayna müharibəsindən sonra Almaniya iqtisadiyyatında resessiya var. Çünki müharibəyə qədər Almaniya Rusiyadan ucuz qaz alırdı. Bu da alman sənayesinin xeyrinə idi. İndi Almaniya Rusiya ilə iqtisadi əlaqələrdən tamamilə imtina etməkdən ehtiyat edir. Ona görə ki, iqtisadi böhranın dərinləşəcəyindən ehtiyat edirlər. Fikrimcə, Avropanın aparıcı dövlətləri tədricən Rusiya ilə iqtisadi əlaqələri tam dayandıracaqlar. Müharibə dayanmadıqca, bu qaçılmazdır. Ancaq Aİ açıq bəyan edir ki, 2028-ci ilə qədər Rusiyadan qaz idxalı tamamilə dayandırılacaq”.

Vidadi ORDAHALLI

Seçilən
23
baki-xeber.com

1Mənbələr