AZ

Böyük Qayıdış vüsət alır

Bu proses Qarabağ və Şərqi Zəngəzura yeni həyat gətirir

İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 79%-i icra olunub. Bu mənada demək olar ki, Böyük Qayıdış layiqincə icra edilməkdədir.

Azad olunmuş ərazilərin bərpası üçün indiyədək 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılmışdır. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı azad edilmiş bu torpaqlarda dünyada misli görülməmiş işlər görüldüyünü bir daha vurğulayıb: “Təbiidir ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur”. Bir neçə faktı xatırladaq. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilib. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları tikilərək istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi nəzərdə tutulub. Şübhəsiz, işğaldan azad olunmuş ərazilərdə görülən bu kimi işlər olduqca qürurvericidir.

Bu sürətli yenidənqurma, quruculuq dünyanı da heyran qoyub. Hətta 31 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 51 ölkəni və 12 beynəlxalq təşkilatı təmsil edən 100-dən artıq diplomat bu məkanlarda səfərdə olarkən öz heyrətlərini gizlədə bilməyiblər. Belə ki, onlar işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini yüksək dəyərləndiriblər. Bütün bunlar isə o deməkdir ki,  Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq.

Xatırladaq ki, bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir.  Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlar, həmçinin Qarabağ Universitetində təhsil alan tələbələr və burada çalışan müəllimlərdir.

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğu da diqqət mərkəzindədir. Prezident İlham Əliyevin oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə dediyi kimi, bütün  şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar. Elə bu məqsədlə də çoxsaylı layihələr gerçəkləşdirilir. Bu mənada Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və məskunlaşma işlərinin uğuru, əhalinin  həmin məkanlarda yaşaması və işləməsi ilə bağlıdır. Bu baxımdan əminliklə deyə bilərik ki, məşğulluq siyasəti Böyük Qayıdışın ən mühüm dayaqlarından biridir.

2025-ci il sentyabrın 12-nə olan rəsmi məlumatlara əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan iqtisadi fəal əhalidən 5 min 860 nəfərin məşğulluğu təmin edilib. Onların 4 min 7 nəfəri müxtəlif sahələrdə işlə təmin olunub, 451 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Fərdi qaydada özünüməşğul olanların sayı isə 1060 nəfər olub ki, onların da əsas fəaliyyət sahələri xırda ticarət, kənd təsərrüfatı, yük və sərnişindaşıma xidmətləridir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
69
ikisahil.az

1Mənbələr