AZ

Qərbi Azərbaycana qayıdış etimad quruculuğunun vacib şərtidir

Regionda sülhün, barışığın bərqərar olması üçün vacib şərtlərdən biri də qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin olunmasıdır. 

Bu gün dünyada mövcud olan monoetnik dövlətlərin başında Ermənistanın gəlməsi XX əsrin müxtəlif dövrlərində məqsədyönlü şəkildə bu ölkədən azərbaycanlıların deportasiya edilməsinin nəticəsidir. Erməni millətçiləri azərbaycanlılara məxsus torpaqları qəsb edib, soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti aparıblar. Tarixi faktlara əsasən, Qərbi Azərbaycanda - Ermənistan ərazisində 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilib. Bunun sayəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. 

1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə həm də Azərbaycanın Naxçıvanla quru əlaqəsi məqsədyönlü şəkildə kəsilib. Ümumiyyətlə, ermənilərin çar Rusiyası tərəfindən bölgəyə yerləşdirilməsində əsas məkrli niyyətlərdən biri türk dünyasının coğrafiyasını parçalamaq olub. 

Bütün bunlar tariximizin bir parçasıdır və gənc nəsillərimiz də bu gerçəkləri olduğu kimi bilməlidirlər. 

"Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar"

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında Prezident İlham Əliyev, "Biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır" deyərək, bu məsələnin aktuallığını bir daha vurğuladı. 

Dövlət başçısı söylədi ki, təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır: " Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq". 

Bu gün Cənubi Azərbaycan da daxil olmaqla, dünyada təqribən 55 milyona qədər azərbaycanlı yaşayır. Beş qitəyə yayılaraq müxtəlif ölkələrdə yaşayan milyonlarla soydaşımız həmin ərazilərdə işləyir, sosial-ictimai fəaliyyət göstərir. Eyni zamanda onlar tarixi torpaqlarını da heç zaman yaddan çıxarmır, milli-mənəvi varlıqları ilə hər zaman vətənə bağlı qalırlar. Dünya azərbaycanlılarının İkinci Qarabağ savaşında göstərdikləri həmrəylik və V Qurultaylarını Zəfər qalamız Şuşada qürurla qeyd etmələri də buna bariz nümunədir. Ancaq vurğuladığımız kimi, azərbaycanlılar dünyanın harasında yaşamalarından asılı olmayaraq, heç zaman şovinizmə qapılmır, etnik ayrı-seçkiliyə yol vermir, tolerant və multikultural mühitin mövcud olduğu vətənləri Azərbaycanın bu yüksək dəyərlərini yaşadıqları ölkələrdə də təbliğ edirlər.  

Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi həyat sürürlər: "Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq". 

Həm Ermənistan, həm də monoetnik dövlətə himayədarlıq edən qərəzli Qərb dairələri neçə vaxtdır ki, qərbi azərbaycanlıların tarixi yurdlarına qayıdışı məsələsini beynəlxalq ictimaiyyətə manipulyasiya olunmuş şəkildə təqdim edirlər. Guya bunu ölkəmizin ərazi iddiası kimi qələmə verməyə çalışırlar. Ancaq Bakı hər zaman bəyan edir ki, qərbi azərbaycanlılar indiki Ermənistandakı tarixi torpaqlarına sülh yolu ilə qayıdacaqlar. Bu həm də yüz minlərlə soydaşımızın tapdalanmış insan hüquqlarının bərpası beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi baxımından ədalətli həll yoludur. Eyni zamanda qərbi azərbaycanlıların qayıdışı heç bir halda Ermənistana və ermənilərə təhlükə yaratmır. Çünki yuxarıda da vurğulandığı kimi, azərbaycanlıların beyinləri cəfəng milliyyətçi fikirlərlə zəhərlənməyib.    

Bu xüsusda dövlət başçısı dedi: "Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq". 

"İndiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir"

Bu da tarixi faktdır ki, Azərbaycanın qədim toponimləri ermənilər tərəfindən dəyişdirilərək uydurma adlarla adlandırılıb, bəzən isə türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər.

Ölkəmizin rəhbəri müxtəlif vaxtlarda etdiyi çıxışlarında aidiyyəti qurumları, bu işlə məşğul olan hər kəsi tarixi həqiqətlərin olduğu kimi bərpa edilməsinə və bunun xəritələrdə öz əksini tapmasına çağırıb. Vətən müharibəsindən sonra işğaldan azad olunan Kəlbəcər və Laçına səfər edən dövlət başçısı bir daha vurğulamışdı ki, indiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri öz adları ilə çağırılmalıdır. Həmçinin bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının yubiley yığıncağında etdiyi çıxışında Prezident İlham Əliyev söylədi ki, təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu hər kəs görsün: "O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir".

Bəli, ermənilərin yurd yerlərimizə verdikləri uydurma adları yaddaşlardan, dillərdən, kitablardan, xəritələrdən, tarixdən birdəfəlik silməyin zamanı çoxdan yetişib. Tarixi toponimlərimiz artıq öz həqiqi, min illərdir var olan adları ilə çağırılmalıdır. 

Gerçəklərin gələcək nəsillərə olduğu kimi çatdırılması, tarix səhifələrindən məqsədyönlü şəkildə silinən faktların yenidən bərpa olunması üçün bundan sonra da xeyli əməli iş görmək qarşıda duran vacib çağırışlardan biridir. 

Noyabrın 3-də AMEA-nın yubiley tədbirində Prezident İlham Əliyevin vurğuladığı kimi: "Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var".

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Seçilən
39
azerbaijan-news.az

1Mənbələr