AZ

Milli iradənin və birlik ruhunun təntənəsi

Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında tarixinin ən qürurlu səhifələrindən birini, 2020-ci ilin 8 Noyabrında Zəfər Gününü  yazdı. Həmin gün yalnız torpaqlarımızın azad olunmasının deyil, bütövlükdə bir xalqın milli iradəsinin, dövlətçilik əzminin və birlik ruhunun təntənəsinin sevincini yaşadıq. Bu Zəfərin kökündə xalqın birliyi, ordumuzun, zabit və əsgərlərinmizin qəhrəmanlığı və ən əsası, müdrik rəhbərimizin, əvəzsiz Liderimizin qətiyyəti dayanır.

Ulu Öndər Heydər Əliyev ötən əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ordu quruculuğu və gənc nəsildə vətənpərvərlik hissinin formalaşması üçün möhkəm təməl yaratmışdı. Ümummilli Liderin "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" kimi qiymətli kəlamı bu gün hər bir vətəndaşın, xüsusilə gənclərin həyat amalına çevrilib. Ulu Öndərin müəyyən etdiyi milli inkişaf strategiyası müasir Azərbaycanın bütün uğurlarının bünövrəsidir. O dövrdə yaradılmış güclü dövlət idarəçiliyi, iqtisadi inkişaf, ordu quruculuğu və sabitlik  2020-ci ilin Zəfərinə aparan yolun başlanğıcı oldu.

Bu gün müstəqil Azərbaycanın tarixində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı Zəfərlə bir sırada çəkilir. Dövlət başçısının hərtərəfli düşünülmüş, uzaqgörən siyasəti, diplomatik çevikliyi və xalqla sarsılmaz birliyi nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu. Prezident İlham Əliyev təkcə müharibənin davam etdiyi günlərdə deyil, sülh dövründə də ölkənin gələcəyini təmin edən əsas istiqamətləri müəyyənləşdirmiş, ordu quruculuğu, davamlı iqtisadi inkişaf, elm və təhsilin yüksəlişi üçün lazımi qərarlar qəbul etmişdir. Dövlət başçısının rəhbərliyi ilə aparılan təhsil islahatları qısa müddət ərzində Azərbaycan məktəblərini yeni inkişaf mərhələsinə yüksəltmişdi. Bu gün ölkəmizdə təhsil sahəsində uğurla həyata keçirilən möhtəşəm layihələr - müasir məktəblərin tikilməsi, müəllim əməyinin stimullaşdırılması, rəqəmsal təhsilin genişləndirilməsi, beynəlxalq proqramlara inteqrasiya gələcək nailiyyətlərin təminatıdır. Təhsil sahəsinə göstərilən dövlət qayğısı, xüsusilə gənc nəslin milli ruhda yetişməsi, vətənpərvərlik tərbiyəsi alması, Vətənə sədaqətli və savadlı vətəndaş kimi hazırlanması Azərbaycanın gələcəyini daha da möhkəmləndirir, xalqımızı yeni-yeni uğurlara qovuşdurur. 

Bu gün bütün təhsil müəssisələrində Zəfər Gününün əzəməti, qüruru yaşanır. Məktəblərdə, liseylərdə, ali təhsil ocaqlarında keçirilən tədbirlər, vətənpərvərlik dərsləri və layihələr gənc nəslin yaddaşında şərəfli tarixi əbədi yaşadır. Təhsil işçiləri olaraq, bizim üçün Zəfər Günü sadəcə bayram deyil, o həm də tərbiyə və qürur mənbəyidir. Şagirdlərə, tələbələrə bu qələbənin necə böyük əzm, birlik və dövlət sevgisi ilə əldə olunduğunu anlatmaq, onları Vətənə sevgi ruhunda tərbiyə etmək biz müəllimlərin ən şərəfli borcudur. Azərbaycan bu gün regionda söz sahibidir, ən güclü, nüfuzlu dövlətlərdən biridir. Bu gücün mənbəyi xalqın birliyində, dövlət başçısının qətiyyətindədir. Zəfər Günü bizə öyrədir ki, xalq öz liderinə, dövlətinə və şanlı ordusuna inandıqca heç bir qüvvə onun qarşısında dayana bilməz. Biz təhsil işçiləri bu amalla, bu məqsədlə gələcəyin Zəfər sahiblərini - savadlı, milli düşüncəli və vətənpərvər gənclərini hazırlamağa davam edirik.

İkinci Qarabağ müharibəsində Azərbaycanın erməni işğalçıları üzərində qələbəsini ölkəmizin iqtisadi gücü, qüdrəti, ordusu, xalq və iqtidar birliyi təmin etdi. Qələbənin əldə olunmasında xüsusilə xalqımızın Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu əsas amillərdən biri oldu.

Dövlət başçısının qətiyyəti və sarsılmaz iradəsi nəticəsində ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin nəticəsidir. Bununla da iqtisadi cəhətdən zəifləyən Ermənistan sosial-iqtisadi böhranın məngənəsində sıxıla-sıxıla qaldı. Bütün bu amillər nəticəsində 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Arxalandığı havadarlarından aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Azərbaycan xalqı çoxdan gözlədiyi qələbənin sevincini yaşadı. Bu sevinci xalqımıza qəhrəman zabit və əsgərlərimiz yaşatdılar.  

Zəfər Günü - Azərbaycan xalqının mübarizliyinin, dövlət başçısının uzaqgörən siyasətinin və Ulu Öndər ideyalarının təntənəsi və qələbəsidir. Bu gün həm də təhsil işçilərinin məsuliyyət günüdür. Çünki Zəfəri qorumağın ən etibarlı yolu onu çiyinlərində daşıya-daşıya nəsildən-nəslə ötürməkdir. Biz təhsil işçiləri həmişə bu məsuliyyətli və müqəddəs işin öhdəsindən bacarıqla gəlməyə çalışacağıq. 

Gülnarə ƏLİYEVA, 

Bərdə şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr