AZ

"Zəfər Günü – milli kimliyimizi və birliyimizi qorumağın mənəvi dərsidir" - QHT sədri

Azərbaycan xalqının ən şanlı və ən qürurlu günlərindən biri olan 8 Noyabr – Zəfər Günü ölkəmizin müasir tarixində əbədi qızıl hərflərlə yazılmışdır. 

Bu münasibətlə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlama verib:

“QHT-lər bu istiqamətdə layihələrini daha sistemli, uzunmüddətli və peşəkar qurmalıdırlar. Ümumtəhsil məktəbləri, kollec və liseylər, universitetlər ilə birgə vətənpərvərlik proqramları, düşərgələr həyata keçirilməli, şəhid ailələri və qazilərin sosial inteqrasiyasını, onlara psixoloji dəstəyi təmin edən təşəbbüslər genişləndirilməlidir. O cümlədən, "I Qayıdış" proqramında nəzərdə tutulan məsələlərin, xüsusilə də geri qayıdan əhalinin inteqrasiyası və reinteqrasiya prosesini də dəstəkləyən layihələr həyata keçirilməlidir.”

Məleykə Əlizadənin sözlərinə görə, Zəfər Günü yalnız bir tarix deyil, həm də xalq üçün dərin mənəvi məna daşıyan dərsdir:

“Bu gün nəinki gələcək nəsillər, bütün xalqımız üçün vacib mesajlar daşıyır: Azərbaycanın nümunəsində ədalət gec də olsa qələbə çalır, ərazi bütövlüyü və suverenlik bərpa edilə bilər. Bu tarix Azərbaycanın tarixidir. Zəfər Günü milli kimliyimizi və birliyimizi qorumağın əhəmiyyətini öyrədən mənəvi dərsdir və bu fənn kimi tədris edilir, nəsildən-nəsilə ötürüləcək.”

QHT sədri həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasında vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib:

“Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üçün QHT-lərin, müxtəlif ölkələrdə formalaşan diaspor təşkilatlarının və onların yerli tərəfdaşlarının, KİV-in və əlbəttə ki, dövlət orqanlarının birgə fəaliyyəti vacibdir. Müxtəlif ölkələrdə təşkil edilən beynəlxalq konfranslarda və tədbirlərdə iştirak çox vacib amillərdəndir. Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti ilə bağlı sərgilərdə iştirak, sənədli filmlər vasitəsilə Azərbaycanın təbliği, həmçinin beynəlxalq platformalarda Qarabağ həqiqətlərinin çatdırılması davamlı olmalıdır.”

Məleykə Əlizadə vurğulayıb ki, bu işin effektivliyini artırmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirilməlidir:

“Bu təbliğatı mütləq şəkildə əcnəbi tərəfdaşlar vasitəsilə də aparmalıyıq. Müxtəlif millətlərin tarixçilərini və jurnalistlərini bu mövzuya maraqlandıraraq elmi, kütləvi və publisistik əsərlərin ərsəyə gəlməsinə nail olmalıyıq.”

Seçilən
37
qht.az

1Mənbələr