BAKI, 5 noyabr. TELEQRAF
Yer kürəsi ilə Venera arasındakı yeganə rabitə tamamilə kəsilib.
Teleqraf xəbər verir ki, bu barədə “Futurism” məlumat yayıb.
Bir il əvvəl Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) öz “Akatsuki” kosmik aparatı ilə əlaqəni itirmişdi, indi isə qurğu ilə əlaqənin bərpaolunma ehtimalının çox az olduğunu qəbul edərək, onu tamamilə sıradan çıxmış elan edib.
2010-cu ildə buraxılmış “Akatsuki” Venerada hava şəraitini öyrənirdi. Buna görə o, daha çox “Veneranın iqlim orbiteri” kimi tanınırdı. Bu, onun ikinci missiyası idi. Birinci dəfə 2015-ci ildə 300 milyon dollara başa gəlmiş bu zond mühərrik nasazlığı səbəbindən uğursuzluğa düçar olmuşdu. O, beş il Günəş ətrafında orbitdə sərgərdan qalıb, ta ki JAXA mühəndisləri aparatı necə xilas etməyi öyrənib onu nəhayət Venera orbitinə yerləşdirənədək.
Zond kub formasındadır, hər tərəfi təxminən 1,5 metr ölçüsündədir. Zaman keçdikcə tədricən avadanlıqlarını itirib. İki infraqırmızı kamera 2016-cı ildə fəaliyyətini dayandırmışdı.
Bununla belə, ilkin uğursuzluğa baxmayaraq, “Akatsuki” nəzərdə tutulmuş 4,5 illik xidmət müddətindən də yaxşı performans göstərib. 15 il ərzində o qədər məlumat toplayıb ki, bu, 178 elmi məqalənin dərcinə imkan verib və bu informasiyalar üzrə tədqiqatlar hələ də davam edir.
“Mars və Aydan sonra bu, insanlarla Venera arasında ən yaxın elmi əlaqə idi və Yaponiyanın başqa bir planet üzərində apardığı ilk uğurlu tədqiqat missiyası hesab olunur”, - məqalə müəllifləri vurğulayır.
NASA-nın (ABŞ) məlumatına görə, indiyədək 7 digər kosmik aparat Venera ətrafında uğurlu uçuşlar həyata keçirib, onlardan dördü SSRİ, ikisi ABŞ, biri isə Avropa Kosmos Agentliyinə (ESA) məxsusdur. ESA-nın “Venus Express” zondu “Akatsuki”dən əvvəl planetin orbitinə daxil olan son missiya idi. O, 2006-cı ildə Veneraya çatmış, agentlik onunla 2014-cü ildə əlaqəni itirmiş, missiya isə növbəti ay rəsmi olaraq bağlanmışdı.