AZ

Prezidentin çıxışından milli dərs: Tariximizə sahib çıxaq, dilimizi qoruyaq - ŞƏRH

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışı həm tarixi yaddaşın bərpası, həm də milli kimliyin əsas dayağı olan dilin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısının həm Göyçə gölünün tarixi adı ilə bağlı, həm də Azərbaycan dilinin saflığının qorunması barədə səsləndirdiyi fikirlər milli kimlik, mədəni irs və elmi məsuliyyət kontekstində vahid ideoloji xətti təmsil edir. Bu xətt Azərbaycanın bütövlüyü ideyasının həm coğrafi, həm də mənəvi məzmununu formalaşdırır.

Prezidentin “O xəritələrdə Sevan gölü adlı göl yoxdur, o xəritələrdə Göyçə gölüdür” fikri, sadəcə tarixi toponimlərin bərpasına çağırış deyil, eyni zamanda milli yaddaşın yenidən dirçəldilməsi və elmi əsaslarla təsdiqlənməsi tələbidir. Bu vurğu göstərir ki, Azərbaycan tarixinin saxtalaşdırılmasına qarşı mübarizə yalnız siyasi yox, həm də elmi məsələdir. Göyçə məsələsi bu mənada Azərbaycan xalqının əsrlər boyu yaşadığı, lakin müxtəlif dövrlərdə məcburi şəkildə adları və demoqrafik quruluşu dəyişdirilən torpaqlarla mənəvi bağının qorunmasının simvoluna çevrilir.

Prezidentin bu çıxışı alimlər üçün konkret istiqamət müəyyən edir: tarix və coğrafiyanın saxtalaşdırılmasına qarşı arxivlər, xəritələr və elmi tədqiqatlar vasitəsilə milli həqiqətləri sübut etmək.

Digər tərəfdən, çıxışda vurğulanan Azərbaycan dilinin saflığının qorunması məsələsi də eyni ideoloji düzənin davamıdır. Dövlət başçısının “biz öz dilimizi qorumasaq, milli kimliyimiz sarsılar” fikri, xüsusilə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız üçün dərin məna daşıyır. Çünki orada Azərbaycan dili hələ də rəsmi statusdan məhrumdur, məktəblərdə tədris olunmur, mətbuat və ictimai mühitdə məhdud şəkildə istifadə edilir. Bu səbəbdən Güney Azərbaycanda dilin məişət səviyyəsinə sıxışdırılması, Prezidentin qeyd etdiyi kimi, milli kimliyin zəifləməsi təhlükəsini yaradır. Belə şəraitdə dövlət başçısının ədəbi dilin qorunmasına dair çağırışı təkcə Şimal üçün deyil, bütün dünya azərbaycanlıları üçün mənəvi hədəf kimi səslənir.

Beləliklə, Qərbi və Cənubi Azərbaycan məsələləri Prezident İlham Əliyevin nitqində bir-birini tamamlayan iki strateji istiqamət kimi görünür. Göyçə - tarixi yaddaşın, Güney isə dil və kimliyin simvoludur. Birincisi milli coğrafiyanın bərpası, ikincisi isə milli varlığın qorunmasıdır. Hər iki istiqamətdə dövlətin və elmin birgə fəaliyyəti tələb olunur. Tarixi toponimlərin elmi əsaslarla bərpası və Azərbaycan dilinin saflığının qorunması, əslində, bir məqsədə xidmət edir - vahid Azərbaycan məkanında milli yaddaşın, dilin və kimliyin əbədi yaşadılması.

Züriyə Qarayeva

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr