AZ

Zəfər Günü

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Azərbaycan xalqı tariximizin qızıl səhifəsi sayılan Şanlı Zəfər qələbəsini qazandı və ölkəmiz uzun müddət işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadir olduğunu dünyaya bir daha sübut etdi. Cənab Prezidentin dediyi kimi, "Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb".

Zəfər Qələbəsinin təmin edilməsində xalqımızın birliyi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu, Azərbaycan Respublikası Prezidenti cənab İlhan Əliyevin uğurlu, uzaqgörən və qətiyyətli siyasəti çox mühüm amil oldu. Məhz bu səbəbdən harada yaşamalarından asılı olmayaraq, bütün dünya azərbaycanlıları bu Zəfər gününü böyük sevinc və qürurla qeyd edir.

Müstəqil Azərbaycan dövlətinin ilk və əbədi qələbəsinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, vətən uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə, hərbi əməliyyatlarda iştirak edən bütün igid əsgərlərimizə və zabitlərimizə minnətdarıq. Bu qələbə dövlətimizin və tariximizin şanlı səhifəsi kimi gələcək nəsillərin yaddaşında daim qalacaqdır.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın sürətli inkişafını görmək, ölkəmizin qazandığı misilsiz uğurları, dünya dövlətləri sırasında əhəmiyyətli mövqeyə sahib olmasını izləmək qəlbimizi sonsuz qürur hissi ilə doldurur. Ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi: “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” arzusu Müzəffər Ali Baş Komandanın qətiyyəti və müdrikliyi sayəsində bugün artıq reallığa çevrilib. İndi Azərbaycan nəinki regionda, hətta dünya miqyasında böyük hörmət, nüfuz və söz sahibidir.

Qarabağ və Şərqi Zəngəzur regionuna daxil olan inzibati vahidliklər işğaldan azad edildikdən sonra həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri, sosial-iqtisadi və mədəni təyinatlı yeni infrastrukturların yaradılması, Ölkəmizin Birinci-Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Fondu tərəfindən çoxsaylı yüksək səviyyəli mədəni-kütləvi, idman tədbirlərinin, günün aktual mövzularına aid konfransların və simpoziumların, xüsusən də mədəniyyət məbədimiz olan Şuşa şəhərində hər il təşkil olunan beynəlxalq musiqi festivallarının keçirilməsi, Azərbaycan xalqının sülhpərvər, dərin tarixə və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq edir.

“ZƏFƏR” günü münasibəti ilə xalqımızı təbrik edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir, ölkəmizə sülh və firavanlıq arzulayıram.

Elmin Tarverdiyev

“Yeni Azərbaycan” qəzetinin hüquqşünası

Seçilən
67
yeniazerbaycan.com

1Mənbələr