AZ

“Həmişə bu tamaşada gözüm Siyavuş Aslanı axtarır, onun ruhunu şad edəcəm” - FOTO+ÖZƏL

““Varlı qadın” tamaşası noyabr ayının 6-da xalq artisti, görkəmli sənətkar Siyavuş Aslanın 90 illik yubileyi üçün oynanılacaq. Biz bu tamaşanı Siyavuş müəllimlə çox oynamışıq. Bütün qastrollara getmişik, bir çox yerlərdə nümayiş etdirmişik. Siyavuş müəllim teatrdan çıxanda sonra başqa iki nəfər də əlavə olunub. Mən qalmışam, onlar gedib. Siyavuş Aslanın nəinki bu, digər oynadığı tamaşalarda da xatirəsi əzizdir. “Varlı qadın” onun sonuncu oynadığı tamaşalarından olduğu üçün məhz bu 90 illiyə həsr olunur. Biz onsuz da həmişə bu tamaşanı oynayanda elə bilirik ki, o hər zaman bizim yanımızdadır. Gözümün qabağına gəlir, onu hiss edirik. Tamaşa başlamazdan əvvəl həmişə çıxıb dekorasiyaya, rekvizitə baxıram görüm nə yerindədir, nə yerində deyil. Bu məndə bir adətdir. Allah Siyavuş müəllimə rəhmət etsin, qəbri nurla dolsun. Mənə çox xoşdur ki, məhz bu tamaşa ilə biz onun ruhunu şad edəcəyik. Bütün tamaşalarda onun yeri görünür. Mən onunla “Mənim ərim dəlidir”, “Böyük Romul”-da və digər tamaşalardan birlikdə oynamışam. Onunla mənə çox asan idi. Rahat tərəf müqabili idi. Baxmayaraq ki, görkəmli sənətkar idi, amma tərəf müqabili ilə sadə və səmimi idi”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib.
O daha sonra əlavə edib:
 
“Mənim bəxtim onda gətirib ki, bütün tərəf müqabillərimin improvizəsi güclüdür. İndi Siyavuş müəllimin vaxtilə oynadığı obrazı xalq artisti Sabir Məmmədov oynayır. O da tam fərqli bir səpkidə yaradır bu rolu. Mən səhnəyə daxil olanda həqiqətən də elə bilirəm ki, biz ər arvadıq, o uşaq bizim övladımızdır. Sabirlə də çox rahat oynayıram. Tərəf müqabilimdən nəsə alıram ki, nəsə də verim də. Belə olur. “Qarabağnamə” tamaşasında Məsmə Aslanla, Kazım Abdullayevlə tərəf müqabiliyəm. Mənim qismətimə yaxşı tərəf müqabilləri düşüb”.
Xalq artisti pedaqoji fəaliyyətlə məşğul olmamasını işlərinin çoxluğu və səhhəti ilə əlaqələndirir:
 
“Yenidən pedaqoji sahəyə qayıtmaram. Çünki mənim 3 buraxılış kursum olub. Tələbələrimlə fəxr edirəm. Şükür Allaha tələbələrimin içindən tək aktyor yox, yaxşı rejissorlar da çıxıb. Mən onlarla fəxr edirəm. Teatrlarda tələbələrim çalışır. Amma mən zaman baxımından çatdırmaram. Buna gücüm yoxdur. Çünki dövlət tədbirləri, məşqlərim olur, bədii şuranın üzvü olduğuma görə yeni tamaşalara gedib baxıb, fikrimi deyirəm. Ona görə də mənim vaxtım yoxdur. Hər şeyi dadında buraxmaq lazımdır. İndi sadəcə səhnədəyəm. Allahdan təkcə can sağlığı istəyirəm”.
Xalq artisti Şuşa Dövlət Musiqili Dram teatrının direktoru, əməkdar artist Yadigar Muradovun səhhətindən də danışıb:
 
“Allah Yadigara şəfa versin. Biz çox yaxın dostuq, bir oxumuşuq. O da Şuşadandır, yerliyik. Oğlu Yaşarla tez-tez əlaqə saxlayıram, səhhətini soruşuram. Allah onu balalarına, sevənlərinə bağışlasın. Əlimizdən duadan başqa heç nə gəlmir. İnanıram ki, sağ-salamat oradan çıxacaq” deyə sənətkar bildirib.
Seçilən
43
1
moderator.az

2Mənbələr