ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.
“Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”, – deyə dövlət başçısı vurğulayıb.
Gununsesi.info -ya danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elçin Mirzəbəyli vurğulayıb ki, bu, təkcə Azərbaycan elmi ictimaiyyəti qarşısında səsləndirilən fikir deyil, həm də bütövlükdə Azərbaycan cəmiyyətinə, gənc nəslə, ölkəmizin gələcəyinə və uzaq hədəflərinə hesablanmış proqram xarakterli bir nitqdir:
“Xüsusilə də tarix haqqında cənab Prezidentin söylədiyi fikirlərə diqqət çəkmək istəyirəm. Qənaətimə görə, bütün bunlar müasir dövrdə ölkəmizin fərqliliyinin, özünəməxsusluğunun və mədəniyyətimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tarixi nöqteyi-nəzərdən yanaşdıqda, bu məsələlər ilk növbədə Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması, faktoloji əsaslarının müəyyənləşdirilməsi və ata-baba yurdlarımızla bağlı olan məqamların önə çıxarılması baxımından vacibdir.
Dil isə təkcə ünsiyyət vasitəsi deyil. Dil – mədəniyyətin əsası, milli özünəməxsusluğun təməlidir. O, milli qürurumuzdur. Bu baxımdan, Azərbaycan dilinin qorunması və saflığının təmin olunması indiki şəraitdə xüsusilə mühüm əhəmiyyətə malikdir.
Müasir dünyada, informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, müxtəlif ideoloji təsirlərin gücləndiyi bir vaxtda, Azərbaycan dilinin saflığının qorunması həm də dövlətimizin ideoloji əsaslarının qorunması anlamına gəlir. Dil milli kimliyimizi müəyyən edən əsas amillərdən biridir”.
O, qeyd edib ki, biz yalnız Azərbaycan Respublikasının vətəndaşları kimi deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar kimi bu dildə danışırıq. Bu da milli birliyimizin və özünəməxsusluğumuzun mühüm göstəricisidir.
“Dili olmayan millət də yoxdur. Bu baxımdan, milli birliyimizi, əlaqələrimizi və bir millət olaraq bütövlüyümüzü qorumaq üçün Azərbaycan dilinin saflığının qorunması xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, müxtəlif səbəblərdən — həm təhsil sistemindən, həm də Azərbaycan dilinin məqsədyönlü şəkildə “akademikləşdirilməsi” prosesindən qaynaqlanaraq — dilimiz bəzən mürəkkəbləşdirilir. Halbuki Azərbaycan dili kifayət qədər zəngin və sadə bir dildir.
Bu dili süni şəkildə mürəkkəbləşdirmək nəticə etibarilə insanları dildən uzaqlaşdırır. Keçmiş dövrlərdə bu proses məqsədyönlü şəkildə aparılırdı. Məqsəd ondan ibarət idi ki, guya Azərbaycan dili insanların fikirlərini sərbəst şəkildə ifadə etməsi üçün kifayət etmir və bununla da başqa dillərin – xüsusilə rus dilinin – təbliğinə geniş yer verilirdi. Lakin fərqi yoxdur, rus, ingilis və ya başqa bir dil olsun, Azərbaycan dili kifayət qədər zəngindir və bu dildə insan öz fikirlərini yüksək səviyyədə ifadə edə bilər”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.