AZ

Vaxtilə ölkənin hər yerində fəaliyət göstərən qədim un dəyirmanları tarixə qovuşmaq üzrədir: Buna səbəb nədir? – ARAŞDIRMA / FOTOLAR

Ölkəmizin demək olar ki, bütün bölgələrində vaxtilə fəaliyyət göstərən qədim un dəyirmanlarına hazırda tələbat xeyli azalıb.

Təqribən 25-30 il öncəyə qədər bölgə sakinləri əkib becərdikləri taxılı bu dəyirmanlara gətirərək bir hissəsini un, bir hissəsini isə yem kimi üyüdərək gündəlik təlabatda istifadə ediblər.

Belə dəyirmanlarda üyüdülən unun keyfiyyəti yüksək, ondan hazırlanan çörək isə dadlı-tamlı və keyfiyyətli olub.

Eyni zamanda həmin dəyirmanlarda üyüdülən taxıl insanların gözü qarşısında olurdu. Halbuki indiki dövrdə istehlak etdiyimiz və mağazalardan aldığımız çörəyin hansı şəraitdə hazırlandığından belə xəbərimiz yoxdu.

Belə olduqda, nəyə görə belə dəyirmanlara son vaxtlar tələbat xeyli azalıb və az qala tarixə qovuşmaq üzrədir?

Biz də NOCOMMENT.az olaraq bu suala cavab tapmaq qərarına gəldik.

Müşahidələrimizi əvvəlcə Kürdəmir rayon Mürtülü kəndi ərazisində fəaliyyət göstərən daş dəyirmanından başladıq.

Dəyirmanın sahibi Hacı Tağıyev yerli büromuza bildirdi ki, dəyirman 65 ilə yaxındır fəailiyyət göstərir.Vaxtilə nəinki Kürdəmir camaatı, hətta yaxın rayonların insanları un və yem üyütmək üçün bura üz tuturdu.

Hacı Tağıyev bidirdi ki, bu dəyirmanda üyüdülən unun tərkibi çox zəngin olur və burada üyüdülən undan əsasən şəkərli diabet və mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən insanlar daha çox xeyir görür.

Əvəllər bir gündə tonlarla un və yem üyüdülən dəyirmanda son illər gün ərzində ən çoxu 200-300 kq un və ya yem üyüdülür ki, bu vəziyyət də günü-gündən azalmaqda davam edir.

Qədim dəyirmanlara gələnlər isə əsasən yaşlı nəslin nümayəndələridir. Gənc nəsil ümumiyyətlə bura üz tutmur, onlar mağazalardan hazır çörək almağa daha çox üstünlük verirlər.Hacı Tağıyev deyir ki, artıq yaşlandığıma görə bu qədim dəyirmanı oğlu Nizamiyə həvalə edib: “Ona tapşırmışam ki, qədim adət-ənənələrimizi qoruyub saxlasın.

Bundan sonra müşahidələrimizi Göyçay rayon Aşağı Qara Məryəm kəndində yerləşən su dəyirmanında davam etdirdik.

Göyçayın Aşağı Qara Məryəm kəndində yerləşən çarxla işləyən, 19-cu əsrə aid 200-ə yaxın yaşı olan su dəyirmanı indi də fəaliyyətdədir. Bu dəyirmanın İsmayıllıda yaşayan malakanlar tərəfindən qurulduğu deyilir. İlk başlarda taxtadan olsa da, 1918-ci ildə ermənilərin Göyçaya hücumu zamanı tamamilə dağıdılıb, yerlə-yeksan olub. Bir müddət sonra bünövrəsi daş materiallarla hörülüb və yenidən bölgə sakinlərini təmiz unla təmin etməyə başlayıb.

Dəyirmanda dənli bitkilərdən arpa, buğda, hətta qarğıdalı belə üyüdülür. Qara un orqanizmə, insan sağlamlığına xeyri ilə seçilir, çörəyi isə olduqca ləzzətli və ətirlidir. Elə bu səbəbdəndir ki, ölkəmizin müxtəlif bölgələrindən buraya un üyütməyə gələnlər var.

Çarxın daha bir özəlliyi ondadır ki, itkiyə yol verilmir. 50 kiloqram buğdadan elə 50 kq da un alınır. Dəyirman bir saat ərzində 100-120 kq un üyütmək gücündədir. Gün ərzində orta hesabla 2-3 ton arası məhsul götürmək olur.

Dəyirmanın sahibi Asim Cəbiyev deyir ki, bura əvvəllər hər gün işləsə də, son vaxtlar yalnız həftənin şənbə günü fəaliyyət göstərir. İnsanlar yalnız həftənin bir günü un və ya yem üyütmək üçün bura üz tuturlar. Son vaxtlar isə bura müraciət edənlərin sayında kəskin azalma müşahidə olunur.

Kənd sakinləri Şaban Hüseynov və Əhməd Cəbiyev yerli büromuza bildirdilər ki, bura ancaq əsasən yaşlı nəslin nümayəndələri müraciət edirlər. İndiki gənclərin qədim dəyirmanlara marağı isə, demək olar ki, yox səviyyəsindədir.

Əslində bizlər qədim tariximizi adət və ən-ənələrimizi qoruyub saxlamalı və gələcək nəsilə ötürməli olduğumuzu unutmamamlıyıq.

 

NOCOMMENT.az

Seçilən
31
nocomment.az

1Mənbələr