AZ

Daşnakların “dalay-dalay”ı

...Deyirlər ki, aşığın sözü qurtaranda, həm də yorulanda məclisi “dalay-dalay”la yola verməyə çalışır. Türkiyə hökumətinin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvana budəfəki səfəri revanşist-daşnak törəmələrinin etirazına səbəb olub. İrəvanda daşnakların qızışdırdığı gənclər, hətta məktəb yaşlı uşaqlar bu səfərə qarşı “etiraz mitinqi” keçirməyə cəhd göstəriblər. Onlar “əmin olduqlarını” bildiriblər ki, “Türkiyə Ermənistanla dialoqa hazır deyil. Amma əllərində tutduqları plakatlarda əsas tələbləri bu cür yazılmışdı: “Türkiyə erməni soyqırımını etiraf etməlidir”.

Aksiyanı Sərdar Kılıçın Ermənistan rəsmiləri ilə görüşlərinin başladığı vaxtda davam etdirməyə çalışıblar. Erməni mediasının yazdığı və yayımladığı məlumatlarda deyilir ki, İrəvanda bir qrup gənc Türkiyə xüsusi nümayəndəsinin səfərinə etiraz olaraq aksiya təşkil etməyə cəhd göstəriblər.

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində xüsusi nümayəndələr – Türkiyə tərəfdən Ermənistanla normallaşma üzrə hökumətin xüsusi nümayəndəsi Sərdar Kılıç, Ermənistan tərəfdən Milli Assambleyanın sədrinin müavini Ruben Rubinyan arasında İrəvanda baş tutan görüşün detalları hələlik açıqlanmasa da, müzakirə mövzusunun sərhədlərin açılması və kommunikasiyaların bərpası olduğu hər kəsə məlumdur. 30 ildən artıq müddətdə kəsilmiş əlaqələrin, pozulmuş münasibətlərin bərpasını nəzərdə tutan bu təmasları rəsmi İrəvan kimi erməni cəmiyyətinin bir qismi də alqışlayır.

Ermənistan paytaxtında zərərli və avantürist təbliğata uyan bir dəstə gəncin və azyaşlının Türkiyənin xüsusi nümayəndəsinin səfərinə qarşı aksiyaya toplaşması daşnakların sosial bazadan məhrum olmalarının, azyaşlıların ümidinə qaldıqlarının bariz nümunəsidir. Etiraz mitinqinə kütləvilik qazandırmaqdan ötrü məktəblilərdən də istifadə etməyi özlərinə yaraşdıran daşnakların bu tədbiri də əvvəlkilər kimi uğursuzluğa düçar olub. Aksiya iştirakçıları Türkiyə əleyhinə müəyyən şüarlar səsləndirdikdən sonra polis qanunsuz aksiyaya toplaşanlardan dağılmalarını tələb edib. Bundan sonra “milli təəssübkeşlər” başlarını aşağı salıb sakitcə dağılışıblar.

Ötən ay təşkil edilən oxşar aksiyaya Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyanın istehzalı-ironiyalı reaksiyası belə olmuşdu: “Cənab Minasyan, təsadüfən bilmirsiniz ki, niyə “Daşnaksütyun” hökumət binası qarşısında mənə qarşı etiraz edir, axı mən həmin vaxt parlament iclasını aparırdım? Onlara deyin ki, bir neçə saat gecikiblər və ünvanı da səhv salıblar”. Xatırladaq ki, o zaman Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan rəsmi Ankaranın elçisi Sərdar Kılıçla Ermənistan–Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində görüşmüşdü.

Bir müddət əvvəl Rubinyanın Erməni Apostol Kilsəsinin “təəssübünü çəkənlərə”, saxtakar keşişlərə cavabını xatırlıadıq. Ruben Rubinyan paylaşımında yazmışdı: “Ümid edirəm ki, Ktriç Nersisyan katolikosun iqamətgahını boşaldarkən ordan asdığı rusiyalı iş adamının (Samvel Karapetyan - red.) portretini özü ilə aparmağı unutmayacaq. Oradan isə yeni, müqəddəs katolikosun portretini asacaq. Çünki katolikosun iqamətgahında asılmış rus iş adamının əli cibində təsvir olunsa da, cibi çoxdan boşalıb...”.

İndi Ermənistandakı daşnak tör-töküntüsünün hərəkətləri yazımızın əvvəlində xatırlatdığımız aşığın halına düşməsindən xəbər verir. Yəni, “Daşnaksütyun” partiyasının “Miatsum”, “böyük Ermənistan”, “Qarabağ” mahnılarının melodiyaları sönəndən, sözləri qurtarandan sonra deməyə heç nələri qalmadığından yeniyetmə və uşaqları “aşıq-aşıq” oynamağa, daha doğrusu, “dalay-dalay” uvertürası üzərində rəqs elməyə çağırırlar.

İ.HƏSƏNQALA
XQ

Seçilən
27
xalqqazeti.az

1Mənbələr