AZ

Bu quş dili deyil, hamı yaxşı bilməlidir...

Bu mövzuda çox yazmışıq – 5, 10, hətta 20 il öncələr də.

Ayda bir dəfə sosial şəbəkələrdə də ana dilimizin saflığı barədə mübahisə başlayır və bu xüsusda fikri, bilgisi olan şəxslər azı bir həftə bu mövzuda yazır, danışır.

İndi dövlət başçısı da AMEA-dakı çıxışında dilimizin qorunmasından danışıb. Dil söhbəti yenidən aktuallaşıb.

Təsadüfi deyil. Dil millətin identifikasiya kodudur. Xalqları bir-birindən məhz ana dili və onda yaradılmış elmi, ədəbi əsərlər fərqləndirir.

Böyük dövlətlərin dil məsələsində həssasiyyəti də ortadadır. Fransa 50-60 il öncə itirdiyi müstəmləkələrdə hələ də fransız dilinin şiradan çıxmamasının qayğısına qalır.

Rusiya rus dilinin öz işləkliyini qoruması üçün keçmiş SSRİ respublikalarına bəzən təzyiqlər edir, bəzən şirnikləndirir, onlarda rusdilli məktəblərin çox olmasına çalışır.

ABŞ, İngiltərə, Kanada, Avstraliya, Yeni Zelandiya kimi ölkələrin ingilis dilini yaymaq kimi bir dərdi yoxdur, dünyanın 200 dövlətində bu dili öyrənirlər.

Hər il azsaylı xalqların danışdığı neçə-neçə dil sıradan çıxır, yox olur. Çünki həmin dildə danışan qruplar böyük xalqların içində əriyir, gedir.

Əlifbası, yazısı, ədəbiyyatı olmayan dillər zamanla məhvə məhkumdur. Dili dil edən onun işlədilməsidir.

Ana dilimiz türk dili qrupuna aid olduğu və qohum dilləri çox olduğu üçün onun sıradan çıxması ehtimalı sıfıra bərabərdir, ancaq zəifləməsi mümkündür.

Etiraf etmək lazımdır ki, biz xalq olaraq bu məsələdə o qədər də məsuliyyətli deyilik.

Hələ ötən əsrin ortalarında dilçilərimiz, ədiblərimiz olmasaydı və müstəsna dərəcədə qeyrətli hərəkətlər etməsəydilər, bu gün istifadə etdiyimiz dil bu şəkildə formalaşmazdı.

Məhz onlar türk, ərəb, fars dillərinin qarışığından Azərbaycan türkcəsi əmələ, ərsəyə gətiriblər və bu gün biz bu dildə yazır, fikirlərimizi ifadə edirik. Bu dildə sanballı kitablarımız, filmlərimiz var.

Bu xüsusda narahatlıq doğuran əsas nüans odur ki, bizdə adi insanların leksikonunda rus dilində alınmış çoxlu jarqon, hətta kriminal aləmə məxsus sözlər var – “adres”dən “zamen”ə qədər.

Ziyalılar isə Avropa mənşəli sözlərlə danışmağı sevirlər – “abbreviatura”dan “ziqzaq”a qədər.

Bu üzdən leksikomuzda çoxlu anlaşılmaz, qəliz sözlər var.

Bir də son vaxtlar Anadolu türkcəsindən çoxlu sözlər alıb işlətməkdəyik. O sözlərin çoxu qədim türk sözləridir, keçmiş vaxtlarda da leksikonumuzda olub, indi bərpasında problem yoxdur.

Elə sözlər də var ki, dilimizə düşmür, danışığımızda yamaq kimi görünür. Belə sözləri zorla leksikona, gündəlik danışıq dilimizə pərçim etmək lazım deyil. Bakıda İstanbul ləhcəsi ilə danışmağa da ehtiyac yoxdur.

Onsuz da Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin arasında gediş-gəliş, ünsiyyət artdıqca, qazax, qırğız, özbək, türkmən dillərindən yeni sözlər alacağıq. Bu, həm dilimizi zənginləşdirəcək, həm də xalqlarımızı yaxınlaşdıracaq.

Bu məsələdə maraqlı bir məqam var: adi danışıqda rus sözlərini bolabol işlədəndə, yazı-pozuda Avropa mənşəli terminlərdən hər sətirdə istifadə edəndə, bu, etiraz doğurmur, ancaq Anadolu türkcəsində “öncə”, “endirim”, “önəmli” kimi sözləri götürüb işlədəndə buna etiraz bildirənlər olur. Bəziləri “kvorum” sözünü təbii qəbul edir, “yetərsay”a əsəbiləşirlər.

Yüzlərlə bu kimi misal gətirmək olar.

İstənilən dil öz-özünü təmizləyən, duruldan, inkişaf etdirən xassəyə malik olduğundan yeni sözlərin alınmasından, bəzi arxaik sözlərin istifadədən çıxmasından əndişələnmək lazım deyil.

Heç müasir texnolgoyanın gətirdiyi terminləri də zorla tərcümə etməyə, bəzən gülünc kəlmələr uydurmağa da ehtiyac yoxdur. Necə ki vaxtilə “traktor”u, “kombayn”ı tərcümə etmədən, olduğu kimi dilimizə qəbul etmişdik, indi də “kompüter”, “internet”, “monitor” və s. kimi sözləri milliləşdirmək izafi əziyyətdir.

Əsas məsələ ana dilini gənc nəslə sevdirmək, öyrətməkdir. Çünki bu, məşhur zərbül-məsəldə deyildiyi ki, yalnız Süleymanın bildiyi quş dili deyil, bunu hamı yaxşı bilməlidir.

Təəssüf ki, müasir insanlar dilimizdəki 40 minə yaxın sözün cəmi 600-dən istifadə edirlər. Onlar bu dildə bədii ədəbiyyat az oxuyur, izahlı, izahsız lüğətlərə nəzər yetirmir, sonra da dilin kasadlığından danışırlar. Savadlı, qrammatik baxımdan düzgün yazanların sayı isə 1 faiz də deyil.

Dilimiz kasad deyil. Bu dildə olduqca ifadəli mətnlər, şedevr əsərlər yazanlar olub və var. Biz onları oxuyuruqmu? Oxumuruq. Bir neçə gün öncə məlum oldu ki, GeoStatistica-nın araşdırmasına görə, MDB məkanından ən az kitab oxuyan iki ölkədən biri Azərbaycan, o biri Qazaxıstandır.

Bundan danışmaq lazımdır. Ana dilimizdə kitab oxumadan, filmlərə, verilişlərə baxmadan nə dilimizin saflığını qorumaq olar, nə də onu inkişaf etdirmək.

Seçilən
13
musavat.com

1Mənbələr