AZ

Aİ rəsmisi: Gürcüstan hökuməti xalqını aldadır

BAKI, 5 noyabr. TELEQRAF

Gürcüstan hökuməti Avropaya inteqrasiya ilə bağlı bəyanatlarına baxmayaraq, ölkəni Avropa İttifaqından uzaqlaşdıran addımlar atır və bununla da ictimaiyyəti yanlış yönləndirir.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nın genişlənmə üzrə komissarı Marta Kos bildirib.

Onun sözlərinə görə, Aİ Komissiyasının Gürcüstanla bağlı açıqladığı hesabat indiyə qədər hər hansı namizəd ölkə üçün hazırlanmış ən mənfi sənəddir:

"Gürcüstan hökuməti xalqına yalan danışır. Onlar deyirlər ki, ölkəni Aİ-yə yaxınlaşdırırlar, amma əslində Aİ-dən uzaqlaşdırırlar. Bir çox sahələrdə, xüsusilə də hüququn aliliyi, korrupsiya ilə mübarizə və media azadlığı sahəsində açıq geriləmə müşahidə olunur. Gürcüstan hökuməti öz xalqının maraqlarını müdafiə etmir".

Aİ rəsmisi bildirib ki, hökumət anti-avropa məzmunlu bir çox qanunları yenidən nəzərdən keçirməlidir. O, Gürcüstan hakimiyyətini siyasi rəqiblərə və jurnalistlərə qarşı təzyiqləri dayandırmağa, vətəndaş cəmiyyəti təşkilatlarına təqibləri sonlandırmağa çağırıb:

"Biz onların dəstəklənməsi ilə bağlı çətinlik yaşayırıq, çünki həmin şəxslərə həbs təhlükəsi var. Gürcüstan rəsmi olaraq hələ də Aİ-yə namizəddir, amma Avropa Komissiyası üçün bu status hazırda yalnız kağız üzərindədir. Biz media və vətəndaş cəmiyyətini dəstəkləmək üçün hər şeyi edəcəyik".

Seçilən
19
teleqraf.com

1Mənbələr