AZ

İsveçdə ətin qiyməti rekord səviyyədə artıb

İsveç ciddi ət çatışmazlığı ilə üzləşir və bu, həmin məhsulun rekord səviyyədə qiymət artımına səbəb olur.

AZƏRTAC xəbər verir ki, “Matpriskollen” analitik platformasının məlumatlarına görə, çəkilmiş mal ətinin qiyməti bir ildə 16%, fermada satılan mal ətinin qiyməti isə 2019-cu ildən bəri təxminən 80% artıb. İstehsalçılar qiymətlərin daha da artacağını proqnozlaşdırırlar.

Əsas səbəb inək populyasiyasının tarixi minimum səviyyəyə enməsidir. 2025-ci ilin birinci yarısında mal-qara kəsimi 10%-dən çox azalıb və heyvanların ümumi sayı 1,4 milyondan aşağı düşüb ki, bu, hətta XIX əsrdə olduğundan da azdır.

Analitiklər bu vəziyyəti kənd təsərrüfatında uzun sürən istehsal dövrləri, ətin yüksək maya dəyəri və yeni fermerlərin olmaması ilə əlaqələndirirlər.

Bu arada, ətə tələbat da artır. İsveçlilər bitki mənşəli məhsullardan imtina edir, yeni ət restoranları açılır və vegetarian brendləri populyarlığını itirir.

Mütəxəssislərin fikrincə, yüksək qiymətlər və iqlim tənqidləri istehlakçı marağını azaltmır.

“Çoxları vegetarian qidalanmanı sınayıb, amma ətə qayıdıblar. Bu, keyfiyyətə və mənşəyə vurğu etməklə yenidən gündəlik həyatın bir hissəsinə çevrilib. Ət qidalı, yüksəkkeyfiyyətli və davamlı məhsul olaraq qalır”, - deyə ekspertlər qeyd edirlər.

Fermerlər xəbərdarlıq edirlər ki, yanacaq, elektrik enerjisi, yem çatışmazlığı və inflyasiya qiymətlərin daha da artmasına səbəb olacaq. Bu arada, Avropa İttifaqı “Merkosur” ölkələri ilə bazarı ucuz Cənubi Amerika ətinə aça biləcək bir razılaşmanı müzakirə edir ki, bu da İsveç istehsalçılarının fikrincə, iqlimə və daxili istehsala təhlükə yarada bilər.

“Bizdə daha az inək, daha az fermer və daha çox ac isveçli var. Qiymətlər artacaq”, - deyə fermerlər vurğulayırlar.

Seçilən
7
3
azerbaijan-news.az

4Mənbələr