AZ

Sosial islahatlar 4 milyon vətəndaşı əhatə edib - NAZİR

Son 7 ildə Azərbaycanda 5 sosial islahat zərfi həyata keçirilib, bu islahatlar 4 milyon vətəndaşımızı əhatə edib, maliyyə tutumu isə illik əlavə 7,6 milyard manat təşkil edib.   
Cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14% artırılaraq 320 manata çatdırılıb. 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, 1 iyul tarixindən sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılıb. Eyni zamanda 1 yanvar tarixindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. 

“Ümumilikdə 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə etməklə, illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının ilin əvvəlində 8,1%-lik indeksasiyası ilə birlikdə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat təşkil etmişdir". 

Anar Əliyevin sözlərinə görə, cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9% artaraq 576 manat təşkil edib.

“Əhaliyə dövlət büdcəsi hesabına ödənilən müavinət xərcləri ötən illə müqayisədə 13%, Azərbaycan Respublikasının Prezidentinin təqaüdləri isə 17% artmışdır” – deyə o qeyd edib.

Görülmüş işlərin məntiqi nəticəsi olaraq növbəti ildə dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir. Sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41,1% olması nəzərdə tutulur. Son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcmi  2,2 dəfə artmışdır. (7,8 mlrd manatdan 16,9 mlrd manata çatıb)

Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6% çoxdur. Son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcmi 2,1 dəfə artmışdır”.

Seçilən
24
2
modern.az

2Mənbələr