AZ

Süni intellekt bunu da etdi -19 ildən sonra uşaq sahibi oldular

ABŞ-da 19 ildir uşaq sahibi ola bilməyən cütlük Kolumbiya Universitetinin Məhsuldarlıq Mərkəzində hazırlanmış süni intellektlə (Sİ) işləyən sistem sayəsində ilk dəfə hamiləlik xəbəri alıb.

Milli.Az xəbər verir ki, tibb jurnalı "The Lancet"də dərc olunan araşdırmaya görə, bu hadisə süni intellektlə idarə olunan sperma aşkarlanması üsulu ilə əldə edilən ilk klinik hamiləlik kimi tarixə düşüb.

39 yaşlı kişiyə obstruktiv olmayan azoospermiya - yəni sperma nümunəsində spermanın olmaması diaqnozu qoyulmuşdu. Onun 37 yaşlı həyat yoldaşından 19 dəfə yumurta götürülsə də, yalnız bir embrion əldə olunmuş, o da uğursuz nəticələnmişdi.

Ənənəvi mikroskop altında mütəxəssislər sperma görə bilməsələr də, nümunə süni intellekt sistemi vasitəsilə təhlil ediləndə nəticə dəyişdi. Sistem cəmi iki saat ərzində 2,5 milyon görüntünü analiz etdi və yeddi sperma aşkar etdi. Onlardan ikisi hərəkətli idi və hər biri yumurtaya yeridilərək iki embrion yaradıldı. Embrionlardan birinin köçürülməsi nəticəsində qadının hamiləlik testi müsbət çıxdı.

Bu texnologiya sonsuzluq müalicəsində yeni ümid qapısı aça bilər. Bununla belə, alimlər qeyd ediblər ki, tədqiqat yalnız bir hadisə üzərində aparılıb və metodun etibarlılığı üçün daha genişmiqyaslı klinik sınaqlara ehtiyac var.

Ekspertlərin fikrincə, süni intellektin məhsuldarlıq sahəsində istifadəsi gələcəkdə minlərlə ailəyə valideynlik sevinci yaşada bilər.

Fidan
Milli.Az

Seçilən
3
1
milli.az

2Mənbələr