AZ

Tramp Bakının şərti ilə razılaşdı

BAKI, 5 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasına əməl olunmasını təmin etmək üçün Qəzza zolağına çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsi üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə mənbəyə istinadla CNN məlumat yayıb.

Telekanalın mənbələri bildiriblər ki, müvəqqəti təhlükəsizlik qüvvələrinin yaradılmasının təfərrüatları müzakirə edilir, bura Qəzza zolağının demilitarizasiyası və yeni Fələstin polis qüvvələrinin hazırlanması daxildir. Mənbə əlavə edib ki, ABŞ qoşunları Qəzza zolağının daxilində bu təhlükəsizlik qüvvələrinin bir hissəsi olmayacaq, ancaq zolaqdan kənarda koordinasiya funksiyası yerinə yetirəcək. Qeyd olunur ki, qətnamənin ilkin versiyaları artıq BMT Təhlükəsizlik Şurasının digər üzvlərinə də çatdırılıb.

“Politico” oktyabrın 16-da Pentaqona istinadla yaydığı məlumatda yazmışdı ki, Pakistan, Azərbaycan və İndoneziyanın vəziyyəti sabitləşdirməyə kömək etmək üçün Qəzza zolağına qoşun göndərəcəyi gözlənilir.

“Türkiyə” qəzetinin noyabrın 3-də yaydığı məlumata görə, qüvvələrə Türkiyə hərbçilərinin də daxil edilməsi mümkündür, amma regionun təhlükəsizliyini təmin etmək üçün daha çox Misir, Pakistan və Azərbaycan kontingentlərinin göndərilməsi ehtimalı yüksəkdir. “Axios”un yaydığı məlumatda da Azərbaycanın adı çəkilib, portal yazıb ki, qüvvələrə Azərbaycan, Misir, İndoneziya və Türkiyədən nümayəndələr, həmçinin Fələstin polis bölmələri daxil olacaq. Layihəyə əsasən, onlar zolağın Misir və İsrail ilə sərhədində yerləşdiriləcəklər.

Oktyabrın 30-da “AnewZ”un yaydığı məlumatda qeyd olunmuşdu ki, ABŞ Azərbaycana müraciət edərək, Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib. Mənbə vurğulamışdı ki, Azərbaycanın mövqeyi qətidir: hər hansı bir iştirak beynəlxalq legitimliyi təmin edən və aydın mandatı müəyyən edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmalıdır.

Seçilən
23
3
teleqraf.com

4Mənbələr