AZ

“Qarabağ” “Çelsi” oyununa stadionda baxmaq istəyənlərin üzləşdiyi problem: bilet satışına görə 5 nəfər saxlanıldı

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 5-də Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” qarşılaşmasına bilet almaq istəyən azarkeşlər ciddi problemlə üzləşiblər. Biletlərin onlayn qaydada satıldığı sayt (iticket.az) bir müddət açılmayıb. Daha sonra isə oyunun biletlərinin artıq satılıb qurtardığı bildirilib.

Buna baxmayaraq, alternativ mənbələrdə - “qara bazar”da “Qarabağ” – “Çelsi” qarşılaşmasına istənilən qədər bilet tapmaq mümkün idi. Eyni zamanda, sosial şəbəkələrdə də biletlər təklif olunub. Lakin “qara bazar”da, sosial şəbəkələrdə satılan biletlərin qiymətləri saytda göstərilən qiymətdən xeyli baha olub.

Qarşılaşmanı stadiondan izləmək istəyən azarkeşlər məcbur qalıb, baha qiymətə bilet almalı olublar.

Bu məsələ bir neçə gündür ki, sosial şəbəkələrdə də müzakirə mövzusudur. Azarkeşlərin bir qismi baş verənlərə görə satış platformasının məsuliyyət daşıdığını düşünür. Bir sıra vətəndaşlar isə hesab edir ki, məsuliyyət həm də “Qarabağ” klubunun üzərindədir. Hətta hüquq-mühafizə orqanlarını araşdırma aparıb, tədbir görməyə çağıranlar da vardı.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Qarabağ”–“Çelsi” futbol oyununun biletlərinin qanunsuz yolla onlayn satışa çıxarılması istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.

Bu barədə DİN-in Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da daha baha satmaq istəyən 5 nəfər - Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov saxlanılıb.

“Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir”, - deyə DİN-in Mətbuat xidmətinin məlumatında qeyd olunur.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
icma.az

1Mənbələr