AZ

Gələn il DSMF-nin büdcə xərclərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir

Bakı, 5 noyabr, AZƏRTAC

Gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. 2026-cı il üçün fondun ümumi xərclərinin 8 milyard 483 milyon 70 min manat səviyyəsində formalaşacağı proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 10,5 faiz və ya 806,6 milyon manat çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində yer alıb.

Qanun layihəsinə əsasən, DSMF-nin 2026-cı il üzrə xərclərinin 8 milyard 323,1 milyon manatı fondun gəlirləri hesabına maliyyələşdiriləcək. Qalan 159 milyon 970 min manat isə cari ilin sonuna istifadə olunmamış vəsaitlərin qalığından qarşılanması nəzərdə tutulur.

Artımın məqsədi sosial ödənişlərin davamlılığını təmin etmək, pensiya və digər sosial təminat proqramlarının maliyyə dayanıqlığını möhkəmləndirməkdir.

Seçilən
36
3
azertag.az

4Mənbələr