AZ

Atlantik okeanında 1,7 ton kokain ələ keçirildi

Portuqaliya hakimiyyəti Atlantik okeanının ortasında 1,7 tondan çox kokain daşıyan yarı batmış “narko-sualtı qayığı” ələ keçirib. Qayıq Pireney yarımadasına doğru hərəkət edərkən Portuqaliya dövlət donanması və ədliyyə polisinin birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, rəsmilərin məlumatına görə, əməliyyat zamanı dörd Cənubi Amerikalı ekipaj üzvü həbs olunub. Onlardan ikisi Ekvador, biri Venesuela, digəri isə Kolumbiya vətəndaşıdır. Şübhəlilərin hamısı Azor adalarında məhkəmə qarşısına çıxarılıb.

Portuqaliyanın Narkotiklər və Terrorla Mübarizə Departamentinin rəhbəri Vitor Ananias bildirib ki, ekipaj üzvlərinin müxtəlif ölkələrdən olması, əməliyyatın arxasında beynəlxalq cinayətkar şəbəkənin dayandığını göstərir.

Lissabonda yerləşən Dəniz Təhlili və Əməliyyat Mərkəzi (MAOC) əməliyyatdan əvvəl Avropaya kokain daşıyan transmilli təşkilatın sualtı qayıq göndərməyə hazırlaşdığı barədə kəşfiyyat məlumatı əldə edib.

Bu məlumat əsasında Portuqaliya donanmasının gəmiləri okeanda axtarış apararaq, Lissabondan təxminən 1000 dəniz mili (təxminən 1850 kilometr) məsafədə yarı batmış qayığı aşkar ediblər. Əməliyyata Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) də dəstək verib.

Portuqaliya donanması bildirib ki, pis hava şəraiti və gəminin kövrək gövdə quruluşu səbəbindən sualtı qayığın limana gətirilməsi mümkün olmayıb. Gəminin batma təhlükəsi olduğundan o, açıq dənizdə zərərsizləşdirilib.

Ananias qeyd edib ki, gəmidəki şərait son dərəcə ağır olub:

“Havanın temperaturu yüksək idi, yanacaq buxarlanırdı, dalğalar isə çox güclü idi. Belə şəraitdə 15-20 gün qalmaq həyati risk daşıyır.”

Portuqaliya polisi son illərdə yarı batmış narkotik daşıyan gəmilərin sayının artdığını vurğulayıb. Bu ilin mart ayında da Lissabondan 1200 dəniz mili uzaqlıqda, 6,5 ton kokain daşıyan başqa bir sualtı qayıq ələ keçirilmişdi.

Digər tərəfdən, ABŞ administrasiyası Karib dənizində narkotik qaçaqmalçılığına qarşı hərbi əməliyyatları genişləndirib. Ötən həftə ABŞ-ın həyata keçirdiyi hava hücumu nəticəsində 3 nəfərin həlak olması beynəlxalq miqyasda narazılıq yaradıb və Latın Amerikası ölkələrində hüquqi mübahisələrə səbəb olub.

Portuqaliya polisi hadisə ilə bağlı istintaqın davam etdiyini, narkotiklərin mənşəyi və istiqamətinin müəyyənləşdirilməsi üzərində işlədiyini açıqlayıb.

Seçilən
13
veteninfo.az

1Mənbələr