AZ

Şəhid Xəlilli Namiq Həsən oğlunun xatirəsinə anım tədbiri keçirilib

Şəhid Xəlilli Namiq Həsən oğlunun xatirəsinə anım tədbiri keçirilib

 

44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Xəlilli Namiq Həsən oğlunun əziz xatirəsi ehtiramla yad edilib.

 

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Azadkənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

 

Daha sonra keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini çıxış edərək bildirib ki, xalqımızın qazandığı tarixi Zəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun igidliyi və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olunub. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycanın hər bir vətəndaşı üçün qürur mənbəyidir və onların xatirəsi daim hörmətlə anılacaq.

 

Tədbirdə çıxış edən şəhidin atası deyib: “Oğlum Vətən sevgisi ilə böyümüşdü. Hər zaman deyirdi ki, torpaqlarımız azad olunacaq və mən bu yolda canımdan keçməyə hazıram. Onun arzusu gerçəkləşdi, torpaqlarımız azad edildi. Dövlətimizin diqqətini, xalqımızın hörmətini hiss etmək bizim üçün böyük təsəllidir.”

 

Şəhidin müəllimi isə çıxışında bildirib ki, Namiq məktəb illərində də həmyaşıdlarına nümunə idi, təhsildə və intizamda seçilirdi. O, hər zaman vətənpərvərlik ruhu ilə fərqlənirdi və bu gün onun adı məktəbin şərəf lövhəsində qürurla yer alır.

 

Digər çıxış edənlər — şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri də Namiq Xəlillinin göstərdiyi qəhrəmanlıqdan, vətənə sədaqətindən söz açıblar. Qazanılmış tarixi Zəfərin nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu vurğulanıb.

 

Tədbirdə dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim ön planda saxlanıldığı qeyd edilib.

 

Sonda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Bəxtiyar ƏLİYEV

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Seçilən
24
1
herbiand.az

2Mənbələr