AZ

Komitə sədri: Prezidentin AMEA-nın yubileyindəki çıxışı strateji yol xəritəsidir

BAKI, 5 noyabr. TELEQRAF

Azərbaycan elminin formalaşma və inkişaf mərhələləri ölkəmizin dövlətçilik tarixinin ayrılmaz hissəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi bu sahədə əldə olunan nailiyyətlərin ümumiləşdirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin yubiley mərasimindəki çıxışı elmin milli inkişaf strategiyasında tutduğu yerə, onun dövlətçilik, iqtisadiyyat və milli kimliklə əlaqəsinə hərtərəfli dövlət baxışının ifadəsi oldu.

Bunu Teleqrafa-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, dövlət başçısı çıxışında bildirdi müstəqil Azərbaycanın elmi bu gün yeni yüksəliş mərhələsinə qədəm qoyduğunu vurğulayıb: “Son on ildə elmə ayrılan vəsaitin iki dəfədən çox artırılması, elmi infrastrukturun müasirləşdirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişlənməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Prezident vurğuladı ki, müasir dövrdə texnoloji tərəqqi, rəqəmsallaşma və süni intellekt prioritet istiqamətlərdəndir, çünki tükənməz sərvət - məhz insanın intellektual potensialıdır. Bu potensialın reallaşması isə yalnız sistemli sərmayə və düzgün idarəetmə nəticəsində mümkündür.

Prezident İlham Əliyev qeyd etdi ki, elm iqtisadiyyat və sənaye ilə vəhdətdə inkişaf etməlidir. Müstəqil Azərbaycanın iqtisadi modelində qeyri-neft sektoru aparıcı qüvvəyə çevrilmiş, bu isə həm ölkənin dayanıqlı inkişafına, həm də azad edilmiş torpaqlarda bərpa prosesinin sürətlənməsinə imkan yaratmışdır. Bərpaolunan enerji, rəqəmsal texnologiyalar və innovasiya layihələri yaxın illərdə milli iqtisadiyyatın əsas struktur elementlərinə çevriləcək. Artıq Azərbaycan bir sıra hərbi təyinatlı məhsulları ixrac edir ki, bu da elmi potensialın istehsal gücü ilə sintezinin real nəticəsidir.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminə göstərdiyi diqqəti xüsusi vurğuladı. Qeyd olundu ki, Heydər Əliyevin uzaqgörən siyasəti və elmə verdiyi yüksək qiymət bu gün formalaşmış güclü elmi sistemin təməlini qoymuşdur. Bu möhkəm təməllər üzərində qurulan müasir dövlət siyasəti elmi və intellektual inkişafı milli tərəqqinin əsas istiqaməti kimi müəyyən edir”.
Komitə sədri dövlət başçısının elmin əsas vəzifələrindən birinin müstəqil Azərbaycan dövlətinin tarixinin elmi əsaslarla öyrənilməsi olduğunu bildirdi: “Tarixi faktların, xüsusilə də indiki Ermənistan ərazisində Azərbaycan mənşəli toponimlərin bərpası milli kimliyimizin elmi dəlillərlə təsdiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Prezident Azərbaycan dilinin saflığının qorunmasını hər bir vətəndaşın mənəvi borcu kimi qiymətləndirdi: “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti.” Bu fikir milli-mənəvi dəyərlərin qorunmasında dövlətin prinsipial mövqeyini əks etdirir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və elmi-tədqiqat layihələri elmi-texnoloji potensialın praktiki tətbiqinin nümunəsidir. Prezident İlham Əliyev həmçinin azərbaycanlıların tarixi torpaqlarına - indiki Ermənistana qayıdışını tarixi ədalətə əsaslanan, humanist və sülhə xidmət edən bir proses kimi dəyərləndirdi.

Ölkə başçısının “Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb” fikri yalnız hərbi-siyasi deyil, həm də elmi və intellektual yüksəlişin rəmzi kimi səsləndi. Qarşıdakı əsas vəzifə bu potensialdan səmərəli istifadə etməklə Azərbaycanın dayanıqlı, innovativ və ədalətli inkişafını təmin etməkdir.

Bir neçə gündən sonra xalqımız tarixi Zəfərimizin beş illiyini qeyd edəcək. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı həm elm ictimaiyyəti, həm də bütövlükdə cəmiyyət üçün strateji yol xəritəsi rolunu oynayır. Bu çıxış elmin dövlət siyasətinin mərkəzinə gətirildiyi, intellektual kapitalın milli gücə çevrildiyi yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyən edir”.

Seçilən
17
3
teleqraf.com

4Mənbələr