AZ

Avropa İttifaqı ölkələri 2040-cı il üçün iqlim hədəfini təsdiqləyib

Berlin, 5 noyabr, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv dövlətlər iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində 2040-cı ilədək istixana qazı emissiyalarını 1990-cı illə müqayisədə ən azı 90 faiz azaltmaq barədə razılığıa gəlib.

AZƏRTAC xəbər verir ki, Aİ-nin ətraf mühit nazirləri Brüsseldə 18 saatdan çox davam edən danışıqlar nəticəsində 2040-cı il üçün rəsmi iqlim hədəfini təsdiqləməklə Braziliyada keçiriləcək növbəti BMT İqlim Sammiti ərəfəsində öz mövqelərini müəyyənləşdiriblər.

Razılaşmaya əsasən, istixana qazı emissiyaları 1990-cı illə müqayisədə 90 faiz azaldılmalıdır. Lakin bu hədəf son anda bir qədər yumşaldılıb. Belə ki, qənaətin 5 faizədək hissəsi Aİ-yə daxil olmayan ölkələrlə iqlim sazişləri vasitəsilə əldə oluna bilər. Beləliklə, üzv dövlətlər faktiki öz daxili emissiyalarını yalnız 85 faiz azaltmalı olacaq. Bundan başqa, nəqliyyat və binalar üçün nəzərdə tutulan yeni emissiya ticarəti sistemi (ETS2) bir il gec - 2028-ci ildən tətbiq ediləcək.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl iqlim sertifikatlarının istifadəsinə dair daha sərt qaydalar təklif etmişdi. Brüsseldə əldə olunan bu razılaşma ilə Aİ Braziliyanın Belem şəhərində işə başlayacaq COP30-da daha güclü mövqedən çıxış etməyi hədəfləyir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
34
2
azertag.az

3Mənbələr