AZ

Azərbaycanda yeni “Məşədi İbad” peyda olub – 50 yaşlı kişi…

Balakəndə 50 yaşlı Samir Rəhimovun 17 yaşlı qızı evlənmək məqsədilə qaçırması faktı bir daha göstərdi ki, erkən nikah və azyaşlıların hüquqlarının pozulması problemi hələ də aktual olaraq qalır. Bu artıq tək bir ailənin yox, cəmiyyətin problemidir.
Azyaşlını evlənmək məqsədilə qaçıran şəxsin 50 yaşlı bir kişi olması isə xüsusi ikrah hissi oyadır. Bu artıq 17 yaşlı uşağın etdiyi səhv deyil. Bu, 50 yaşlı, bəzən hətta ağsaqqal adlandırdımız bir fərdin ağılsızlığı, axmaqlığı, məsuliyyətsizliyidir… Uşaqları və gəncləri maarifləndirməli olduğumuz bir zamanda görünür artıq 50 yaşlı insanların da maarifləndirilməsinə ehtiyac var…

Mövzu ilə bağlı Tribuna-ya danışan Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədainin szlərinə görə, bu hadisə göstərir ki, bəzi insanların mənəvi dəyərləri və psixoloji sağlamlığı ciddi şəkildə zədələnib. Təəssüf ki, belə hallar artıq fərdi problem yox, sosial problemə çevrilib:

“Biz bəzən maarifləndirməni yalnız uşaqlarla və gənclərlə məhdudlaşdırırıq. Halbuki cəmiyyətdə dəyərləri deqradasiyaya uğramış, psixoloji problemi olan yetkin insanlar var və bu şəxslər başqaları üçün təhlükə yaradır. Bu reallığı görməliyik.

Bu kimi hadisələr bir daha göstərir ki, biz qızlarımızı, övladlarımızı daha ciddi şəkildə qorumalıyıq. Onlara yalnız “ehtiyatlı ol” deməklə kifayətlənməməli, özlərini necə qorumağı, “yox” deməyi, təhlükəni tanımağı və kömək istəməyi öyrətməliyik. Bu, valideynlərin, məktəblərin, ictimai qurumların və medianın birgə məsuliyyətidir”.

S.Fədai əlavə edib ki, 50 yaşlı bir kişinin 17 yaşlı qızı qaçırması bir neçə dərin səbəbin nəticəsi ola bilər və bu səbəblərin kökü həm fərdi, həm də sosial səviyyədə gizlənir:

“1. Psixoloji pozuntular və şəxsiyyət problemləri:

Belə hallarda çox zaman söhbət normal duyğusal münasibətdən getmir. Bu, əksinə, psixoloji pozuntu, nəzarətsiz istək, güc və hakimiyyət hissinin pozulmuş təzahürüdür. Yəni həmin şəxs öz daxili boşluğunu və eqosunu bir gənc üzərindən “tamamlamağa” çalışır.

2. Mənəvi dəyərlərin deqradasiyası:
Cəmiyyətdə etik sərhədlərin, qadın və uşaq dəyərlərinin zəifləməsi bu cür davranışları “normallaşdıran” bir mühit yaradır. Təəssüf ki, bəzi insanlar artıq insan münasibətlərinə məsuliyyət və dəyər baxımından yanaşmır, insanı istək obyektinə çevirir.

3. Cəzasızlıq və ictimai biganəlik:
Cəmiyyət və hüquq sistemi belə hallarda sərt və ardıcıl mövqe tutmadıqda, bu cür davranışlar “yenə də mümkündür” mesajı verir. Halbuki, hər bir belə hadisəyə hüquqi və mənəvi sərhədlərlə cavab verilməlidir.

4. Ailədə və uşaq tərbiyəsində məsuliyyət çatışmazlığı:
Bu hadisə həm də bizə göstərir ki, biz övladlarımıza yalnız “dərs oxu” deməklə onları cəmiyyət üçün hazırlamırıq. Onlara münasibətlərdə sərhədləri, etimadı, təhlükəni və öz dəyərini başa salmaq da vacibdir.

Nəticə etibarilə, belə bir kişinin bu yola əl atması sadəcə “emosional seçim” deyil, bu, psixoloji xəstəlik, dəyərlərin aşınması və sosial məsuliyyətsizliyin kəsişməsidir.
Biz bu halları yalnız qınamaqla deyil, psixoloji maarifləndirmə, ailə dəyərlərinin bərpası və hüquqi mexanizmlərin gücləndirilməsi ilə dayandıra bilərik”.

Nigar İxtiyarqızı

Seçilən
44
1
tribunainfo.az

2Mənbələr