AZ

Ukrayna daha təhlükəli vəziyyətlə üzləşir

Ukrayna

Rusiya cəbhə xəttindən çox geridə yerləşən hədəfləri vurmaq üçün reaktiv planerlərdən istifadə etməyə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Bu təkmilləşdirmə Ukraynanın onsuz da həddindən artıq gərgin olan hava hücumundan müdafiə sisteminə əlavə problem yaradır.

Xatırladaq ki, KAB kimi tanınan, modernləşdirilmiş sovet istehsalı bombalar ilk dəfə oktyabr ayında Ukraynanın cənub bölgələrində - Odessa, Nikolayev və Poltavada hədəfləri vurub.

Əvvəllər “Su-34” təyyarələrindən atılan idarəolunan raketlərin mənzili 80 km idi və Rusiya onları cəbhə şəhərlərini atəşə tutmaq üçün istifadə edirdi. Lakin Ukrayna Baş Kəşfiyyat İdarəsinin Hərbi Kəşfiyyat şöbəsinin rəis müavini Vadim Skibitski bildirib ki, bu planerlərin bəzilərinə artıq reaktiv mühərriklər quraşdırılıb və onların uçuş məsafəsi 200 km-ə qədər artırılıb.

Hərbi rabitə və elektron müharibə üzrə ekspert Sergey Beskrestnov tərəfindən dərc edilən, Poltava bölgəsinə düşən bombanın fotoşəklində “Alibaba” platformasından 18.000 dollara alınan Çin turboreaktiv mühərriki göstərilib.

“Bu inkişaf Rusiyanın qışı gözləyərək mülki və enerji infrastrukturuna hava hücumlarını artırması, həmçinin ABŞ-ın müharibəni bitirmək üçün diplomatik səylərinin uğursuz olması ilə əlaqədardır. Tramp administrasiyası Kiyevin müttəfiqlərindən müdafiə xərclərini ödəməsini gözlədiyini açıq şəkildə bildirdiyi üçün Avropa müttəfiqləri maliyyə və hərbi boşluğu doldurmağa tələsirlər”, - qəzet qeyd edib.

Ukraynalı hərbi ekspert Pavlo Narojnı əlavə edib ki, yeni Rusiya silahı qanadlı raketlərin ucuz əvəzedicisidir və enerji infrastrukturuna, eləcə də hərbi obyektlərə zərbə endirmək üçün istifadə olunur.



“Reaktiv mühərriklər Rusiyanın KAB arsenalının ən son yeniliyidir. 2023-cü ildə Rusiya Silahlı Qüvvələri 250 kq-dan 3 tona qədər çəkisi olan bu “idarəolunmayan bombalara” qanadlar və istiqamətləndirici qurğular quraşdırmağa başlayıb. Bu, onların partlamazdan əvvəl onlarla kilometr məsafə qət etməsinə imkan verir və 20 metr enində, 6 metr dərinliyində kraterlər yaradır”, - deyə nəşr xatırladıb.

Bu arada, Ukrayna rəsmiləri bildiriblər ki, ötən ay ölkənin cənubuna ilk dəfə düşən reaktiv bombalar Qara dəniz üzərindən uçan təyyarələrdən atılıb.

Qeyd edək ki, keçən həftə Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Almaniyadan qeyri-müəyyən sayda “Patriot” sistemləri aldığını açıqlayıb. Lakin ekspertlər ehtimal edirlər ki, Rusiya ballistik raketlərini modernləşdirib və onlar hətta “Patriot” sistemlərindən də yayınmaq qabiliyyətinə malikdir.

V. QULİYEV
Seçilən
23
1
reyting.az

2Mənbələr