AZ

İntiqam Yaşar: Türk dünyası müxtəlif istiqamətlərdə sürətlə birləşir, bütövləşir

AZƏRTAC türkdilli xalqların folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 5 noyabr, Abdulla Suvar, AZƏRTAC

Türk dünyasının gənc yazarlarını bir araya gətirmək, onların arasında ədəbi, mədəni və mənəvi əlaqələri gücləndirmək məqsədilə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyi 26 ildir ki, bu böyük hədəf uğrunda yorulmadan fəaliyyət göstərir. Türk xalqları arasında ədəbi və mədəni körpü qurmaq, fərqli türk ölkələrindən gənc ədiblərin birgə fəaliyyətinə şərait yaratmaq, Türk dilini və mədəniyyətini qorumaq və təbliğ etmək, ortaq türk mədəni irsinin öyrənilməsi və tanıdılmasına xidmət etmək, gənc yazarların yaradıcılığını dəstəkləmək və digər bu kimi mühüm məsələləri hədəfləyən bu qurum ötən müddətdə bir sıra uğurlara imza atıb. Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin başqanı İntiqam Yaşar AZƏRTAC-a müsahibəsində məhz görülən işlərdən, reallaşdırılan layihələrdən və qarşıdakı planlardan danışıb.

-Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri kimi son illərdə reallaşdırdığınız layihələrdən danışardınız...

- Dünya Gənc Türk Yazarlar Birliyi 26 ildir fəaliyyət göstərən təşkilat olaraq Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafı yönündə iş aparır. Bu istiqamətdə əsas işlərdən biri də yeni nəsil yazarların inkişafı, onların Türk dünyasının müxtəlif nöqtələrindən olan həmkarları ilə əlaqələrinin artırılmasıdır. Demək olar ki, hər il Türk dünyasına xitab edən və yerli əhəmiyyətli layihələrimiz həyata keçirilir. Son illərdə reallaşdırılan layihələrimiz çox olub. Buna misal olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə təşkil etdiyimiz Türk Dünyası Gənc Yazarlarının I Bakı forumunu, “Türk dünyasında Qərbi Azərbaycan” mövzusu ilə bağlı layihəmizi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türk dünyası yazarlarının Lənkəran toplantısını, Gənclər Fondunun dəstəyi ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsini, Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Tanı, oxu, tanıt" ədəbiyyat könüllülüyünün təbliği layihəsini misal göstərmək olar. Adlarından da göründüyü kimi layihələrin böyük əksəriyyəti beynəlxalq əhəmiyyət daşıyır və Türk dünyasına xitab edir.

-Rəhbərlik etdiyiniz birlik türk ədiblərinin tanınması, onların əsərlərinin çap olunması istiqamətində hansı işlər görüb?

- Dünya Gənc Türk Yazarlar Birliyinin son illərdə çap olunmuş kitablarının sayı çoxdur. Bu işlər uzun illərin zəhməti bahasına başa gəlib. Biz qardaş türkdilli ölkəni təmsil edən söz adamlarının tanınması üçün elə ilk gündən böyük səylə çalışırıq. Məhz bunun nəticəsi olaraq dəyərli kitablarımız işıq üzü görüb. Misal olaraq, son illərin nəşrlərindən Özbəkistanın tanınmış şair-publisisti Xasiyyət Rüstəmin Azərbaycanın Vətən müharibəsinə həsr etdiyi "44 gün", Zirvə Tədris Mərkəzi ilə birlikdə Qarabağ mövzusunda qələmə alınmış "Adı Lalə idi o qızın", Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə Udmurt yazıçısı Vyaçeslav Ar-Serginin “Sonuncu hərbi əmr”, Mahmud Kaşğarlı Fondu ilə birlikdə Özbəkistanın Xalq şairi Siracəddin Seyyidin “Vaxt heykəli”, Qazaxıstan şairi Dövlətkərəy Kapoğlunun "Üşüyən küçələr" digər kitablarını misal göstərmək olar. Bundan başqa təşkilatın hər il demək olar ki, yeni nəsil Türk dünyası yazarlarını əhatə edən antologiyaları işıq üzü görür. Bu kitablarda istər Azərbaycan yazarları, istərsə də türkdilli ölkə və topluluqlarından olan yazarların yaradıcılıq nümunələri geniş oxucu kütləsinə çatdırılır.

-Bu il Dünya Gənc Türk Yazarlar Birliyi “Türk dünyası gənc yazarlarının I Bakı forumu” layihəsinin icrasına başlamışdı. Forum necə yekunlaşdı, qarşıdakı zamanlarda bu istiqamətdə hər hansısa fəaliyyət nəzərdə tutulurmu?

- Türk dünyası gənc yazarlarının I Bakı forumu yüksək səviyyədə təşkil olunub. Forumda Türk ölkə və topluluqlarından olan və yerli nümayəndələr iştirak ediblər. Forum çərçivəsində "Türk dünyası gənc yazarları" adlı kitab nəşr olunub, həmçinin müxtəlif görüşlər reallaşıb. Qarşıdakı illərdə forumun davamı kimi növbəti mərhələlərin də keçirilməsi nəzərdə tutulub.

-Apardığınız işlər, keçirdiyiniz görüşlər, reallaşdırdığınız layihələr, ümumilikdə Türk dünyası ədəbiyyatının tanınmasına, təbliğinə hansı töhfələri verib?

- Bilirsiniz, mədəniyyət sahəsi elə spesifik sahədir ki, orada konkret, ölçülən nəticələr digər sahələrlə müqayisəyə gəlmir. Mədəniyyət sahəsi uzaqmənzilli strategiya ilə irəliləyir. Bu gün atılan hər hansısa addım bəzən nəticəsini illər sonra verir. Bizim təşkilatın gördüyü işlər nəticəsində, yeni nəsil Türk dünyası yazarları arasında qırılmaz bağlar yaranır, bu özünü həm də ortaq fəaliyyətlərdə göstərir. Ən vacibi odur ki, mədəniyyət nümayəndələrinin timsalında biz Azərbaycana dostlar qazandırırıq. Bu dostluğun bariz nümunəsini 44 günlük Vətən müharibəsi zamanı gördük. Dünyanın müxtəlif nöqtələrindən bizim haqq savaşımıza mənəvi dəstək bəyanatları ifadə olundu. Bizi dəstəkləyən məqalələr, şeirlər yazıldı. Biz Türk dünyasının bütövlüyünə könül vermiş, ona inanmış təşkilatıq. Türk dünyası müxtəlif istiqamətlərdə sürətlə birləşir, bütövləşir.

- Sizə bu yolda uğurlar arzulayırıq.

Seçilən
16
1
azertag.az

2Mənbələr