AZ

Çap mediasının gələcəyi… varmı: Qəzetlər ölməli, yoxsa yenidən doğulmalı? – Rauf Arifoğlunun təklifləri  

Son illərdə Azərbaycanda çap mediasının taleyi ətrafında gedən müzakirələr kəskinləşib. Bəzi mühitlərdə “qəzetlərin dövrü bitib”, “bütün resurslar yalnız yeni media yönünə sərf edilməlidir” kimi yanaşmalar yayılıb.

 Musavat.com xəbər verir ki, “Səs” qəzetinin suallarını cavablandıran “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu hesab edir ki, bu yanaşma tələsik və natamamdır. Onun fikrincə, qəzetlərin zəifləməsi prosesi nə qədər dərin olsa da, çap medianın yenidən dirçəlməsi üçün həm imkan, həm potensial, həm də real model mövcuddur.

-Problemin qaynağı – çap media niyə zəifləyib?

Arifoğlunun sözlərinə görə, vəziyyətin səbəbləri illər ərzində sistemli şəkildə yığılıb:

  1. Kontentin gücsüzləşməsi:

Oxucu xəbəri daha tez, daha rahat və pulsuz şəkildə internetdən əldə edir. Qəzet isə çox hallarda təkrara çevrilib və fikir dərinliyi zəifləyib.

  1. Yayım və çatdırılma sisteminin çökməsi:

Köşk şəbəkəsinin dağılması, abunə sisteminin geriləməsi, regionlara çatdırılmanın çətinləşməsi tirajın azalmasına səbəb olub.

  1. Texniki və vizual gerilik:

Qəzetlərin dizaynı, kağız keyfiyyəti, səhifə sayı və ümumi vizual görüntüsü müasir oxucunun gözləntilərinə cavab vermir.

  1. Peşəkar kadr axını:

Təcrübəli jurnalistlər daha yüksək qazanc və daha dinamik iş mühiti olan onlayn platformalara keçiblər. Qəzetlər redaksiya potensialını mərhələli şəkildə itirib.

Rauf Arifoğlu bildirir ki, bütün bunlar çap medianın zəifləməsinə gətirib çıxarsa da, qəzetlərin tam bağlanması Azərbaycan informasiya mühitinin intellektual dərinliyini zədələyər:

“Televiziya çıxanda kino sənayesini məhv etmədi, sosial media qlobal televiziya kanallarını sıradan çıxarmadı. Hər media forması öz təbii funksiyasını adaptasiya edərək davam edir. Qəzet də adaptasiya olunmalıdır, yoxa çıxmamalıdır.”

Rauf Arifoğlu çap medianın yenidən canlandırılması üçün konkret, mərhələli, ölçülə bilən proqram təklif edir:

 

1) Dövlət dəstəyi yeni mexanizmlə verilməlidir

  • Dəstək aylıq və simvolik qrantlar şəklində yox, birdəfəlik modernizasiya kapitalı kimi ayrılmalıdır.
  • Məsələn, aparıcı qəzet layihələri üçün 1–2 milyon manatlıq inkişaf paketi nəzərdə tutulmalıdır.
  • Maliyyə yalnız şəffaf biznes-plan, ölçülə bilən nəticə və performans göstəriciləri əsasında verilməlidir.

2) Kontent yenidən qurulmalıdır

  • Qəzet operativ xəbərin deyil, analiz və dərin fikrin məkanı olmalıdır.
  • Araşdırma yazıları, müəllif esseləri, geniş müsahibələr, reportajlar və xüsusi rubrikalar önə çəkilməlidir.
  • Qəzetdə dərc edilən əsas materiallar tam şəkildə saytlara yerləşdirilməməlidir — məzmun dəyəri qorunmalıdır.

3) Çap və yayım infrastrukturu müasirləşdirilməlidir

  • Bir neçə qəzet birgə vahid çap və paylama mərkəzi qura bilər.
  • Metro, dayanacaq və ticarət nöqtələrində yenidən satış şəbəkəsi formalaşdırılmalıdır.
  • Rayonlar üzrə abunə və bölgü sistemi bərpa edilməlidir.

4) Yeni abunə modeli işlənməlidir

  • Onlayn + çap kombinə edilmiş abunə paketləri təqdim edilməlidir.
  • Şirkətlər, universitetlər və ailələr üçün xüsusi tariflər hazırlanmalıdır.

5) Kadr potensialı bərpa edilməlidir

  • Redaksiya məktəbləri, müəlliflər üçün təqaüd proqramları, gənc jurnalistlər üçün praktika modulları həyata keçirilməlidir.

Qəzetlər ölməsin  — yenidən doğulsun

Rauf Arifoğlunun fikrincə, bu gün Azərbaycan informasiya məkanının dərinləşməsi, cəmiyyətin intellektual müzakirə mədəniyyətinin qorunması, ictimai yaddaşın formalaşması üçün çap media lazımdır və qalmalıdır:

“Qəzetin bağlanması sadəcə bir media vahidinin yox olması deyil, düşüncə mədəniyyətinin zəifləməsidir. Qəzet ölməyib. O, sadəcə yenidən doğulmağa ehtiyac duyur”.

Musavat.com

Seçilən
14
6
musavat.com

7Mənbələr