AZ

Nyu-York tarixində ilk müsəlman mer olan Mamdani kimdir? - FOTO

Xəbər verdiyimiz kimi,  ABŞ-ın ən böyük şəhəri olan Nyu-York yeni merini seçib. Demokratların namizədi Zohran Mamdani Respublikaçı Körtis Sliwa və müstəqil namizəd, keçmiş Nyu-York qubernatoru Endryu Kuomonu geridə qoyaraq şəhərin yeni meri olub.

Milli.Az xəbər verir ki, rəsmi olmayan nəticələrə əsasən, 34 yaşlı Mamdani təxminən 50 faiz səs toplayaraq ən yaxın rəqibi Kuomoya 9 faiz fərq atıb. Kuomo 41 faiz, Respublikaçı namizəd Sliwa isə 7,2 faiz səs qazanıb.

Seçkilərdən əvvəl ABŞ prezidenti Donald Tramp tərəfindən "kommunist" adlandırılan və təhdid edilən Mamdani, qazandığı bu qələbə ilə Nyu-York tarixində ilk müsəlman meri olub.

O, həmçinin bildirib:

"Tramp tərəfindən xəyanətə uğramış bir millətə onu necə məğlub edəcəyini göstərə biləcək bir şəhər varsa, bu, onu yaratmış şəhərdir. Əgər bir despotu qorxutmağın yolu varsa, bu, ona güc verən şəraiti məhv etməkdir".

Mamdani deyib ki,

"Bu siyasi qaranlıq dövrdə Nyu-York işıq olacaq. Nyu-York immiqrantların şəhəri olaraq qalacaq - immiqrantlar tərəfindən qurulmuş, immiqrantlar tərəfindən ayaqda saxlanılmış və bu gecədən etibarən immiqrant tərəfindən idarə olunan şəhər."

O, həm də Afrika mənşəli ilk Nyu-York meri kimi tarixə düşəcək. Mamdani 1 yanvar 2026-cı ildə vəzifəsinə başlayacaq.

Zohran Mamdani kimdir?

Mamdani Uqandada hind əsilli bir ailədə anadan olub. Anası Mira Nair - tanınmış hind-amerikalı film rejissoru, atası isə Mahmud Mamdani - Uqandalı akademikdir.

Ailə əvvəlcə Cənubi Afrikaya, daha sonra Nyu-Yorka köçüb. 34 yaşlı Mamdani 2020-ci ildə Nyu-York Ştat Məclisinə üzv seçilib. 2024-cü ilin oktyabrında mer seçkilərinə namizədliyini irəli sürəndə ona az şans verilirdi, lakin ilkin seçkilərdə keçmiş qubernator Kuomoya qalib gələrək Demokrat Partiyasının əsas namizədi olub.

Mamdani həm müsəlman kimliyini, həm də sosialist baxışlarını açıq şəkildə müdafiə edir. O, hip-hop musiqisi ilə maraqlanır, futbol və beysbol azarkeşidir.

Mamdani siyasətə girməzdən əvvəl evsiz və aşağı gəlirli ailələrin evdən çıxarılmasının qarşısını almaq üçün layihələrdə iştirak edib. Bu təcrübə onun uyğun qiymətli mənzil siyasətinin əsasını qoyub.

Mamdani siyasi karyerasına başlamazdan əvvəl aztəminatlı insanlara kömək etməklə məşğul olub. Ekspertlərin fikrincə, onun mer postuna seçilməsini təmin edən əsas cəhətlərdən biri də bu kimi fəaliyyətləri olub.

Belə ki, Mamdani əsas olaraq varlılar üçün vergilərin artırılması ideyasını dəstəkləyir və 2030-cu ilə qədər əməkhaqqının saatda 16,50 dollardan 30 dollara qədər artırılması tərəfdarıdır. 

O həmçinin şəhər sakinlərini ödənişsiz məktəbəqədər təhsillə təmin etmək və Nyu-Yorkda tədricən avtobuslarda gedişhaqqının pulsuz olmasını tətbiq etmək istəyir.

Onun planlarına aşağıdakılar daxildir:

1 milyon dollardan çox gəlir qazananlara 2%-lik sabit vergi, Korporativ vergilərin artırılması, Pulsuz avtobus nəqliyyatı, Minimum əmək haqqının 30 dollara qaldırılması, Uşaqlar üçün dövlət baxçalarının genişləndirilməsi.

Fidan
Milli.Az

Seçilən
45
1
milli.az

10Mənbələr