AZ

Gələn il Azərbaycanda benzinin qiyməti bahalaşacaq? - Açıqlama

Gələn il Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı planlaşdırılmır.Bu 2026-cı il üçün dövlət büdcəsi zərfində əksini tapıb. Sənədə əsasən, 2026-cı ildə aksizlər üzrə daxilolmalar 1 milyard 584 milyon manat səviyyəsində nəzərdə tutulur. Bu məbləğin 49.2%-i və ya 779 milyon manatı neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektorundan daxilolmalar 2025-ci ilin proqnozu ilə müqayisədə 196.7 milyon manat və ya 20.2% azdır. Sənədə əsasən, növbəti ildə ölkədə istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı benzinin istehsalı nəzərdə tutulmur. Bununla yanaşı, Aİ-92 markalı avtomobil benzininin istehlakında 239.9 min ton və ya 14.7%, dizel yanacağında isə 298.5 min ton və ya 13.7% azalma proqnozlaşdırılır.
 
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 67.54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.1% artım deməkdir. Eyni dövrdə ölkədə cəmi 13.8 min ton Aİ-95 markalı benzin istehsal edilib ki, bu da ötən ilin göstəricisindən 45% azdır. 
 
Aİ-95 istehsalının dayandırılması,  Aİ-92 və dizel yanacağının istehsalında da azalma satış qiymətinə necə təsir göstərəcək?
Moderator.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, ölkədə  istehsal olsa da, müəyyən dövrdən sonra qiymət artımı istisna olunmur. 
 
Onun sözlərinə görə, bir məhsul ölkədə istehsal olunmur və idxal amilinə çevrilirsə, həmin məhsulun qiyməti daha asan şəkildə bahalaşa bilər:
 
“Yəni, idxal amili hər zaman qiymət dəyişkənliyinə səbəb ola bilər. İstehsalçı ölkədə gedən proseslər, xüsusən də birja bazarlarında baş verən dəyişikliklər qiymətlərə daha həssas təsir göstərir. Buna görə də, məhsul idxal olunduğu halda, bahalaşma ehtimalı daha yüksək olur.
Ümumilikdə, proqnoz vermək çətin olsa da, hələlik heç bir ucuzlaşma olmadığı üçün belə qənaətə gəlmək olar ki, müəyyən müddətdən sonra yanacaq qiymətlərində tədrici bahalaşma baş verə bilər”.
 
Mehin  Mehmanqızı
 
Seçilən
23
2
moderator.az

3Mənbələr