AZ

Xalq rəssamı Arif Hüseynovun "Zamanın ilmələri " adlı fərdi sərgisi açılıb - FOTOLAR

Noyabrın 5-də Gürcüstanın Bolnisi rayonundakı Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılıb. SİA xəbər verir ki, açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Kamal Xəlilov, səfirliyin məsul əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze və digər rəsmi şəxslər, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Muzeyin foyesində quraşdırılmış tabloda rəssamın əl işləri vodeoformatda nümayiş etdirilib.

Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələr inkişaf edir. Onun sözlərinə görə, bu cür layihələr mədəni əlaqələrin inkişafına böyük töhfə verir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova ilk dəfə təşkil olunan sərginin açılışını yüksək qiymətləndirib. O, Milli Xalça Muzeyinin yaradılmasının tarixi zərurəti, əhəmiyyəti, xalçaçılıq sənətinin inkişafı perspektivləri barədə ətraflı məlumat verib.

Azərbaycanın Xalq rəssamı Arif Hüseynov çıxış edərək Gürcüstanda ilk dəfə fərdi sərgisinin açılmasına görə, təşkilatçılara təşəkkür edib.

Bildirilib ki, xalçatoxuma ənənələrinin güclü olduğu, azərbaycanlıların yığcam yaşadığı Bolnisi bölgəsində təşkil edilən sərgidə sənətkarın 2024–2025-ci illərdə ərsəyə gətirdiyi 12 rəsm əsəri nümayiş olunur.

Qeyd olunub ki, Arif Hüseynovun milli adət-ənənələrə sevgisini, bağlılığını tərənnüm edən, maraqlı süjet xəttinə malik silsilə əsərlər kətan üzərində qarışıq texnikada çəkilib.

Sərgidə rəssamın “İki qəlbin hekayəsi” əsəri əsasında toxunan xalça da təqdim edilib. Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan xalça 70 rəng çalarından istifadə olunaraq yaradılan mürəkkəb kompozisiyalı sənət nümunəsidir. Qeyd edək ki, sənətkarın əsəri ilk dəfə xalça üzərinə köçürülüb.

Layihə çərçivəsində Bolnisi sakinləri və qonaqları üçün Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin əməkdaşları tərəfindən “Xalça necə yaranır?” ustad dərsi keçiriləcək.

Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi, Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı, eləcə də bu ölkədəki səfirliyimizin dəstəyi ilə həyata keçirilən sərgi dekabrın 5-dək davam edəcək.

Seçilən
42
4
sia.az

5Mənbələr