AZ

Bu gün daha çox azərbaycanlı həyat xilas etmək istəyir – AÇIQLAMA

“Hazırda Mərkəzə ən çox müraciətlər böyrək köçürülməsi və sümük iliyi transplantasiyası ilə bağlı daxil olur. Xroniki böyrək çatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyati əhəmiyyət daşıyır. Sümük iliyi transplantasiyası isə daha çox leykemiya, limfoma və aplastik anemiya kimi ağır hematoloji xəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstənin yeganə sağalma şansı məhz uğurlu transplantasiyadır”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur: “Uyğun donorun tapılması bəzən bir neçə ay, bəzi hallarda isə illər çəkə bilər. Buna görə də cəmiyyətin könüllü donor qeydiyyatına aktiv yanaşması çox vacibdir”.

Y.Abbasova qeyd edib ki, son illərdə Azərbaycanda orqan donorluğu mövzusuna maraq nəzərəçarpacaq dərəcədə artıb, vətəndaşlar həm qanunvericilik, həm də donor olma prosedurları barədə daha çox məlumat əldə etməyə başlayıblar: "Aparılan maarifləndirici tədbirlər, media layihələri və aidiyyəti qurumların mütəxəssislərinin çıxışları donorluq mövzusu ilə bağlı məlumatlılığın yüksəlməsinə mühüm təsir göstərib. Bu cür məlumatlandırma işi cəmiyyətin məsələyə daha şüurlu və obyektiv yanaşmasına şərait yaradıb.
Eyni zamanda, cəmiyyətdə humanizm, paylaşma və sosial dəstək dəyərlərinin güclənməsi də diqqətəlayiqdir. İnsanlar daha çox anlayırlar ki, orqan bağışlamaq bir insanın həyatını xilas etmək və ona ikinci bir şans vermək deməkdir. Bu düşüncə tədricən daha geniş yayılır və qəbul olunur.

Nəticə etibarilə, donor olmaq istəyənlərin sayı ildən-ilə artır. Gözlənilir ki, bu müsbət tendensiya gələcək illərdə də davam edəcək və cəmiyyətdə orqan donorluğuna münasibət daha da müsbət şəkildə formalaşacaq".

Seçilən
32
1
musavat.com

1Mənbələr