AZ

Avtobusda pomadasını təzələyən qadın həm tələsir, həm də... Malik Atilayın yeni şeirləri

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.

Daha əvvəl tapardım səni

Qınında pas atan qılınc misalı

Gözlərində ağrılı,

Gözlərində acılı,

Gözlərində ağılı nəsə var,

Var...

Baharmı yarımçıq qalıb həyatında,

Oxuduğun nəğməmi oğurlanıb dodaqlarından,

Evinizin otaqlarında

Hıçqıra-hıçqıra ağlayarkən,

Üzünü sıxmısan yastıqlara

Yoxsa,

Əncir ağacının körpə budaqlarını qırmısan,

Bağ evinizdən köçərkən oyuncaq gəlinciyinmi qalıb oralarda,

Mindiyin bütün qatarlar yanlış yollardanmı aparıb səni,

Kaş ki,

Daha əvvəl tapardım səni

Tapardım hələ gül yanaqlarına şeh kimi yaşlar düşmədən,

Tapardım hələ,

Yoluna, taleyinə kəsəklər, daşlar düşmədən,

Tapardım,

Səsini itirmədən,

İzini itirmədən,

Baxışını, gözünü itirmədən

Özünü itirmədən səni səndə tapardım...

Həbsxana, qatil və qorxulu yuxu

Bircə-bircə yanar işıqlar binalarda,

Türmələrdə sönən zaman,

Bayquş uçub,

Oturar tikanlı məftillərin üstünə,

Bağ evinizdəki əncirin budaqlarına qonduğu kimi

Siqaretin tüstüsündə

Uzaq illərdən qalma bir samovar xəyalı tüstüləyər

O vaxtlar,

Yazdığın sevgi məktubların ünvana çatmamışdı.

Sən də getdiyin yollarda,

Bütün səhv küçələrdən keçmişdin sonra...

Sonrası...

Ölümü gözləyərsən hər axşam,

Hər axşam öldürdüyün adam yuxunda səni öldürər.

Mənə deməmişdilər

Mənə deməmişdilər,

Adamların yanımıza

Getmək üçün gəldiyini.

Mənə deməmişdilər,

Babamın əkdiyi tut ağacından

Əmimin özünü asacağını.

Mənə deməmişdilər,

Qaranlığın ən dərininin

İnsanın gözlərində olduğunu.

Mənə deməmişdilər,

Mən də heç bilməmişdim ki,

İnsan ən çox

Sevdiyi yerdən yetim qalır...

Atama məktub

Qabar-qabar əlləri,

Dəftər, vərəq görmədi,

Balaca-balaca evlərdə başladı,

Böyük-böyük xəyalları,

Gah dənizin sahilində tilov yellədi,

Mavi boşluğuna suların,

Əlində bir ovuc heçnə qaldı,

Gah mala tutdu əlləri tikintilərdə,

Elə balaca-balaca evlərdə,

Böyük-böyük xəyalları söndü bircə-bircə

Ehtiyacın kəlbətin ağzında sıxıldı ürəyi,

Ürəyini sıxmadı amma heç kimin

Nə yıxıldı,

Nə yıxdı,

Hər səhər ruzi ümidilə açdı qapını,

Hər axşam şükürlə girdi evinə...

Qurbağa, nağılçı və böyümək

Öpdüyün qurbağaların

Şahzadə olmadığını görəndən sonra,

Nağılların yalançılar tərəfindən uydurulduğunu,

Yoxsa

Artıq böyüdüyünü hiss etmişdin?

Xəyanətin tarixçəsi

Avtobusda pomadasını təzələyən qadın

Həm tələsir,

Həm də tələsib

Şütüyən avtobus sürücüsünə əsəbləşirdi,

Bir az əvvəl

Küləkdə dağılan saçlarını yığmışdı dayanacaqda,

Bakının asi xəzrisinə deyinə-deyinə.

Məhəllədən çıxanda

Çəpgöz pişiyin başına tumar çəkmişdi.

Blokun qapısında heç sevmədiyi qonşusuna gülümsəyib,

Hal-əhval tutmuşdu hələ.

Ən gözəl ətrini vurub,

Ən gözəl paltarlarını geyinmişdi.

Səhər ərini işə yola salanda

Soyuq dodaqlarıyla öpüş qondurmuşdu yanaqlarına.

Hələ axşam evə gələ bilməyəcəyini də demişdi yolüstü,

Yuxu getməmişdi gözünə səhərə qədər.

Gah mətbəxdə,

Gah eyvanda saatı güdmüşdü

Gözü telefonda...

Hər axşam

Qan axar ayaqlarından,

Hər axşam,

Çilik-çilik olmuş qəlbimə

Qonaq gələn

Yiyəsiz xəyalların.

Tanımadığım adamlar

Girər yuxuma,

Tanımadığım şəhərə apararlar,

Tanımadığım qadına aşiq olaram...

Bakının xəzrisi

İsti evlərdə böyüyüb,

İsti maşınlarda

Yol almamışıq bizi sevən ürəklərə sarı,

Ömrün qışında qorxutmaz,

Nə qar ,

Nə külək ,

Sən əynini qalın elə,

Mən çoxdan doldurmuşam ciyərlərimə,

Bakının xəzrisini.

Ölüm

1.

Gəldiyin kimi ayrılacaqsan,

Çılpaq,

Gücsüz,

Yalnız...

2.

İnsan bilmir, bəlkə, amma

Hər addımı

Ona yaxınlaşmaq üçündür...

3.

Həyatı zülm içində

Keçən adamın,

Ölümü gözəl olmalıdı,

Heç olmasa...

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Dostlarını heyran edən rəssam - O, təhsilini niyə yarımçıq qoydu?

"Bir həyatım var mənim, o da borca..." - Günün mahnısı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
kulis.az

2Mənbələr