AZ

ABŞ Şərqi Sakit okeanda narkotik yüklü qayığı vurub

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Müdafiə naziri Pit Heqset bildirib ki, Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən bir qayığa hava zərbəsi endirilib və hadisə nəticəsində qayığın içərisində olan iki nəfər həlak olub.

Bizimyol.info xəbər verir ki, nazir Pit Heqset ABŞ mərkəzli "X" sosial media platformasındakı paylaşımında, Sakit okeanda narkotik daşıdığı iddia edilən qayığın vurulma anına aid görüntüləri yayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilən əməliyyat nəticəsində iki nəfər öldürülüb. Heqset həmçinin qeyd edib ki, həmin qayıq ABŞ-ın “terror təşkilatı” kimi tanıdığı bir qrupun fəaliyyətinə xidmət edirmiş.

Heqset əlavə edib ki, əldə etdikləri kəşfiyyat məlumatları qayığın qanunsuz narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, tanınmış qaçaqmalçılıq marşrutu üzrə hərəkət etdiyini və içində həqiqətən də narkotik maddələrin olduğunu təsdiqləyib.

Nazir bildirib ki, hücum beynəlxalq sular ərazisində həyata keçirilib: “ABŞ-a qarşı narkotik qaçaqmalçılığı məqsədi daşıyan hər bir gəmini tapıb məhv edəcəyik”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Prezident Tramp imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartelləri ilə yerində mübarizə aparmaq məqsədilə ordudan daha geniş və effektiv şəkildə istifadə olunması barədə göstəriş verilib.

Bu çərçivədə ABŞ avqustun sonunda Venesuela sahillərinə sualtı qayıqlardan və döyüş gəmilərindən ibarət bir dəniz qüvvəsi göndərib. Heqset o zaman bildirmişdi ki, ABŞ ordusu Venesuelada rejim dəyişikliyi də daxil olmaqla bütün əməliyyatlara hazırdır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
icma.az

1Mənbələr