AZ

Kentuckidə UPS yük təyyarəsi qəzaya uğradı: azı 7 ölü, 11 yaralı

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-ın Kentukki ştatında “UPS” şirkətinə məxsus yük təyyarəsi havaya qalxdıqdan dərhal sonra Məhəmməd Əli beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində azı 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Bizimyol.info xəbər verir ki, ştat qubernatoru Endi Beşir ölənlərin sayının arta biləcəyini bildirib.

"Qəza yerində baş verən yanğınlar hava limanına bitişik sənaye zonasındakı müəssisələri də əhatə edib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəzaya uğrayan təyyarə "McDonnell Douglas MD-11" tipli olub, ekipajda 3 nəfər olub və təyyarə Honolulu istiqamətində uçurdu", - deyə o bildirib.

Beşir deyib ki, təyyarə təhlükəli yük daşımayıb və qəza nəticəsində ətrafdakı müəssisələrə də ziyan dəyib. Təyyarə tullantıların təkrar emalı mərkəzinə çırpılıb, yaxınlıqdakı avtomobil ehtiyat hissələri mağazasında isə demək olar ki, bütün işçilər sağ qurtara biliblər.

Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı istintaqa başlayıb. Məlumata görə, "MD-11" təyyarəsi 34 ildir ki istismara verilib və 2006-cı ildən "UPS" şirkətinə xidmət göstərirdi.

Hadisədən sonra hava limanından bütün uçuşlar dayandırılıb, əraziyə giriş məhdudlaşdırılıb və sakinlərə qalıqlara toxunmadan müvafiq orqanlara xəbər vermələri tövsiyə olunub. Louisville meri Kreyq Qrinberq hadisəni “böyük faciə” adlandıraraq, həlak olanların ailələrinə başsağlığı verib və sakinləri təhlükəsizlik məqsədilə hadisə yerindən uzaq durmağa çağırıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
bizimyol.info

1Mənbələr