AZ

“Radio sayəsində Azərbaycan xalqı ilk dəfə vahid informasiya məkanında birləşib” - ŞƏRH EDİLDİ

“1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan “Azərbaycan radiosu”nun fəaliyyəti təkcə kütləvi informasiya vasitəsi qismində xidmət göstərməklə tamamlanmayıb. O öz dövrü üçün böyük ictimai-siyasi hadisə idi”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, radio xalqmızın tarixində, mədəniyyətində, milli şüurunun formalaşmasında mühüm rol oynamış bir institutdur: "Bu radio sayəsində Azərbaycan xalqı ilk dəfə vahid informasiya məkanında birləşib. Kəndlərdə, şəhərlərdə, uzaq bölgələrdə yaşayan insanlar eyni vaxtda xəbərləri, musiqiləri, siyasi məruzələri dinləməyə başlayıblar. Beləliklə, “Azərbaycan radiosu” xalqımızın məlumatlanmasına, maariflənməsinə, mənəvi birliyinin formalaşmasına, milli kimliyinin möhkəmlənməsinə ciddi töhvələr verib.

1930–1950-ci illərdə onun vasitəsilə kütləvi savadlandırma proqramları icra edilib. Ədəbiyyat, dil, tarix və elmi mövzularında verilişlər hazırlanıb. Xüsusilə kənd yerlərində yaşayan insanlar üçün biliklər çatdırılıb. Yəni, “Azərbaycan radiosu” xalqımızın maarifinin, elm və mədəniyyətin formalaşmasında, inkişafında və təbliğində əvəzsiz vasitəyə çevrilib. Milli musiqimizin – muğamın, xalq mahnılarının, aşıq sənətinin və professional bəstəkarlıq məktəbinin qorunub gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayıb. “Azərbaycan radiosu” xalqımızın taleyində həlledici rol oynamış ictimai-siyasi proseslər dönəmində mühüm institutlardan biri kimi çıxış edib. Qarabağ hadisələrinin başlanğıc dövründə və dövlət müstəqilliyinin bərpası illərində radio xalq üçün ən etibarlı informasiya mənbələrindən biri kimi çıxış edib. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı insanlar məhz radiodan real məlumatlar alırdı.

Əlamətdar haldır ki, “Azərbaycan radiosu” tarixin səhifələrində ilişib qalmayıb, bu gün də xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayır. Milli dövlətçilik ideyalarının təbliğində, gənc nəslin milli-mənəvi tərbiyəsində, Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasında önəmli informasiya vasitəsi olaraq fəaliyyətini davam etdirir”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
21
1
sia.az

2Mənbələr