AZ

Azərbaycan və Keniya minatəmizləmə sahəsində təcrübələrini bölüşüb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyətinin Keniyaya işgüzar səfəri çərçivəsində iki ölkə arasında minatəmizləmə sahəsində təcrübələr bölüşülüb.

Aznews.az xəbər verir ki, səfər çərçivəsində Samir Poladov və Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev ilə Keniyanın minatəmizləmə sahəsində fəaliyyət göstərən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin rəhbərliyi arasında görüş keçirilib.

Samir Poladov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan mina problemi, mina və partlamamış hərbi sursatların törətdiyi fəsadlar, eləcə də əsasən daxili resursların hesabına icra edilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib. O, ərazilərdə aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinin təhlükəsiz şəraitdə yerinə yetirilməsi və əhalinin bu ərazilərə geri dönməsinin təmin olunmasında humanitar minatəmizləmə işlərinin böyük əhəmiyyətini vurğulayıb. Sədr müavini minaların törətdiyi fəsadların aradan qaldırılması və mina təhlükəsizliyinin təminatında beynəlxalq dəstəyin və əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

Keniya tərəfi Təlim Mərkəzinin fəaliyyəti və humanitar minatəmizləmə sahəsində imkanların və təcrübələrin artırılması üçün həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verib. Keniya və Azərbaycan arasında mövcud münasibətlərin dinamik inkişafının iki qurum arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı fürsət olduğunu bildirib.

Seçilən
13
2
aznews.az

3Mənbələr