AZ

30 ildən çox kresloda: Novruz Novruzovun idarəçilik salnaməsi - Fotolar

Azərbaycanın yerli icra strukturlarında nadir tapılan uzunömürlü karyeralardan biri Novruz Novruzova məxsusdur. Artıq üç onillikdir ki, o, müxtəlif bölgələrdə icra başçısı vəzifəsini daşıyır. Bu fakt onu ölkənin ən çox “sistem daxilində sabit qalan” dövlət məmurlarından birinə çevirir.

Kolxozdan icra kabinetinə uzanan yol

1954-cü ilin mayında Lerik rayonunun Zövnə kəndində doğulan N.Novruzovun peşə həyatı sovet idarəçiliyinin klassik pillələri ilə formalaşıb. İlk işini kolxozda fəhlə kimi başlayıb, sonra partiya və komsomol orqanlarında çalışaraq inzibati təcrübə qazanıb. O, 1970-80-ci illərin ideoloji strukturlarında fəaliyyət göstərən, sonradan müstəqillik dövründə də dövlət sistemində yerini qoruyan nadir kadrlar sırasındadır.

1980-ci illərdə Lerikdə partiya komitəsində, daha sonra rayon icra hakimiyyətində rəhbər vəzifələr tutaraq idarəetmənin içindən keçmiş, həmin illərdə yerli siyasətin əsas fiqurlarından birinə çevrilmişdi. SSRİ dağıldıqdan sonra bir çox məmur sistemdən uzaqlaşdığı halda, o, yeni dövrdə də öz yerini qorudu.

1995-ci ildən başlayaraq onun adı bir neçə bölgədə icra rəhbəri kimi çəkilib. Lerik, Goranboy, Şabran və nəhayət Siyəzən... Bu ardıcıllıq Novruz Novruzovun ölkənin müxtəlif coğrafi zonalarında çalışdığını göstərir.

" width="460" >

Dövlət idarəetməsində bu cür rotasiyalar çox vaxt “təcrübəli kadrların müxtəlif regionlarda sınaqdan keçirilməsi” kimi təqdim olunur. Amma eyni zamanda, bu, idarəçilik sistemində yeni nəsil rəhbərlərin formalaşmasının ləng getdiyinə də işarədir.
N.Novruzovun uzunmüddətli fəaliyyəti bir tərəfdən onun təcrübə və idarəçilik bacarığının göstəricisidirsə, digər tərəfdən məmur sistemində dəyişməzlik tendensiyasını da üzə çıxarır.

Üç onillik idarəçilik: dəyişən ölkə, dəyişməyən başçı

Bu 30 il ərzində Azərbaycan iqtisadi, texnoloji və sosial baxımdan tam fərqli bir mərhələyə keçib. Lakin rayon icra hakimiyyətlərinin struktur və iş prinsipi böyük ölçüdə eyni qalıb. Novruz Novruzovun karyerası bu sabitliyin həm nəticəsi, həm də rəmzidir.

Onun idarə etdiyi rayonlarda böyük qalmaqalların baş verməməsi, mərkəzi hakimiyyətin etimadını uzun illər qoruması bu sabitliyin əsas səbəblərindən biri sayılır.

Bununla belə, ictimai müstəvidə tez-tez səslənən tənqidi yanaşma da var: uzunmüddətli eyni tipli idarəçilik bölgələrin sosial dinamizmini zəiflədir, yenilənməyə az imkan yaradır.



2000-ci illərdə regional inkişaf proqramlarının həyata keçirildiyi dönəmlərdə N.Novruzovun rəhbərlik etdiyi rayonlarda ciddi iqtisadi sıçrayışların qeydə alınmaması bu arqumenti gücləndirir.

2014-cü ildə Novruz Novruzov “Şöhrət” ordeni ilə təltif olunub. Bu mükafat onun dövlətə uzunmüddətli xidmətlərinin tanınması kimi dəyərləndirilir. Lakin onu sadəcə təltifli bir məmur kimi deyil, həm də bütöv bir idarəçilik dövrünün canlı siması kimi də görmək olar.

Novruzovun fəaliyyəti səs-küysüz, amma sabit bir idarəçilik modelinin təcəssümüdür. O, nə qalmaqallarla yadda qalıb, nə də geniş ictimai islahat təşəbbüsləri ilə...

N.Novruzovun 30 illik fəaliyyəti yalnız bir məmurun bioqrafiyası deyil, eyni zamanda ölkədə yerli idarəetmə sisteminin dəyişməzliyinin göstəricisidir.

O, həm də yazıb-yaradır...

Cənab icra başçısı Novruz Nəcəfoğlu ədəbiyyata xüsusi maraq göstərir, şeir və publisistik yazıları ilə mətbuatda tanınır.

Onun hekayə və povestləri "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "525-ci qəzet"də və digər mətbuat orqanlarında dərc olunub.

Yazıçının "Bir qış gününün xatirəsi", "Yollar uzanan gün", "Keçən cavan çağım ola...", "Atüstü bir nağıl", "Bir mən oyaqdım", "Nağıl adam" və "Yuxuya gedib gecə" kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Müəllifin “İçimdə bir ocaq var” kitabında şeirləri, “Unudulmazlıq haqqı” kitabında isə oçerkləri toplanıb. Onun ədəbi yaradıcılığına həsr olunan “Yurd yaddaşı” kitabı da çapdan çıxıb.



Novruz Nəcəfoğlunun xarici səfərləri əsasında qələmə aldığı “Dünya duracaq yer deyil”, “Sinqapur – Böyük dünya şəhəri, iddialı ölkə” və “Gördüyüm və eşitdiyim Yaponiya” kitabları publisistik ədəbiyyatımızın diqqətəlayiq nümunələri kimi dəyərləndirilir.

Uşaqlar üçün yazdığı “Nəcəflə üz-üzə”, “Ən böyük adam”, “Tufan” və ingilis dilində çap olunmuş “Tural, Humay and Nijat” kitabları da müəllifin yaradıcılıq palitrasının genişliyini göstərir.

Onun “Çarəsiz yolçu” və “Bəmbəyaz keçiddə” əsərləri Türkiyə türkcəsində, “Oтнаянная пътница” adlı kitabı isə rus dilində nəşr olunub.

Novruz Nəcəfoğlu Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və Türkiyə Elm və Ədəbiyyat Birliyi – “İLESAM” təşkilatının üzvüdür.

Yazıçının bir çox şeirlərinə musiqi bəstələnib. O, həmçinin bir neçə beynəlxalq mükafatın laureatıdır.

N.Oruclu


Xəbər 5 dəfə oxunub.
Seçilən
51
xezernews.az

1Mənbələr