AZ

“Erməni dostumu evimə qonaq çağırmışdım, sonra bildim ki…” – Rasim Balayevdən ŞOK AÇIQLAMA

“Mən ermənilərlə əvvəlki kimi gediş-gəlişə, mehribanlığa hazır deyiləm. Çünki bu 30 ildə o qədər hadisələr oldu ki… Hazırda erməni cinayətkarlarının Bakıda məhkəməsi keçirilir. Onların etdiyi vəhşilikləri unutmaq çətindir. Hesab edirəm ki, zamana ehtiyac var”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

O bildirib ki, vaxtı ilə erməni dostları olub:

“Yaxın 10-15 ildə hər hansısa erməni ilə əvvəlki kimi dostluq etməyi ağlıma gətirmirəm. Buna hazır olmaq lazımdır. Biz unutqan millətik, ola bilsin ki, sonralar hər şeyi unutduq. 1941-1945-ci ildə baş verən İkinci Dünya müharibəsindən sonra xalqlar barışdı və hər şeyi olduğu kimi qəbul etdi. Yəqin ki, bizim regionda da bu baş verəcək. Hər halda nə qədər unutsaq da, çomağı əlimizdən yerə qoymamalıyıq. Qoy tarix təkrarlanmasın”.

Aktyor erməni həmkarları ilə ünsiyyətindən də danışıb:

“Müharibə başlayan kimi əlaqələrimiz kəsildi, heç bilmirəm onlar sağdır, ya ölüblər. Mənim sənətçi olmayan erməni dostlarım da var idi. Onları evimizə qonaq çağırmışdım, süfrə açmışdım. Bir-birimizin evinə gedib-gəlirdik. O vaxtlar millət fikri ortalıqda yox idi. Sonra bildim ki, onlar “Krunq” təşkilatına pul ödəyirmişlər. Hadisələr başlayanda onların içi üzə çıxdı.

Mən işğal dövründə hətta Rusiyaya gedəndə də erməni sənətçilərlə əlaqə saxlamadım. Çünki onların hərəkətləri məni çox sarsıtmışdı. Buna görə də təmasa heç cəhd də etmədim. İndi bu yaşımdan sonra hər hansısa erməni sənətçi ilə bir filmə çəkilərəmmi? Bilmirəm. Buna bəlkə də zaman lazımdır.

90-cı illərdə xarici səfərlərdə olurdum. Deyirdilər, “əşi Qarabağı verəcəkdinizsə, onda niyə camaatı qırdınız”. Belə söhbətləri eşidib havalanırdım. Əsəb içində izah edirdim ki, biz siyasətin, rusun qurbanı olmuşuq. Rus torpaqlarımızı alıb erməniyə verib. 40 yaşımdan 70-ə kimi bu cür hisslər keçirmişəm. Arzu edirdim ki, Qarabağın alınmasını görüm, sonra Allah məni öldürsün”.

Qeyd edək ki, oktyabrın 21-də Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.

Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova (“1news.az” saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin “Qadınlar Sülh və Əmin-amanlıq” Mərkəzinin rəhbəri) təmsil ediblər. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyətinin də Azərbaycana səfəri gözlənilir.

Seçilən
11
1
millitv.net

2Mənbələr