AZ

Azərbaycan Mərkəzi Asiyanın mötəbər media tədbirində təmsil olunub

Astana, 5 noyabr, AZƏRTAC

Qazaxıstan paytaxtında Mərkəzi Asiyanın aparıcı media platforması olan “Astana Media Week 2025” davam edir. Astana şəhəri üç gün davam edəcək plenar və panel müzakirələri, təqdimatlar və praktiki ustad dərslərinə ev sahibliyi edir.

Tədbirdə Azərbaycanı AZƏRTAC-ın Qlobal kommunikasiya və informasiya idarəsinin müdiri Elşən Şahbalayev və agentliyin texniki inkişaf üzrə direktoru Fuad Qədilli təmsil edirlər.

AZƏRTAC xəbər verir ki, tədbirin ilk gününün ən yaddaqalan məqamı “Rəqəmsallaşma və süni intellekt dövründə jurnalistika üçün yeni oriyentirlər. İctimai etimad və inkişaf” adlı plenar sessiya olub. Müzakirələrdə Avropa və Asiyanın əsas media təşkilatlarının rəhbərləri iştirak ediblər.

“Jurnalistika yol ayrıcında. Süni intellektlə rəqəmsal medianın yaranması” adlı panel müzakirəsi xüsusilə diqqəti cəlb edib. “Media etikası etibarın təməli kimi. Redaktorların manifesti” mövzusunda media menecerlərinin görüşü də keçirilib. Həmçinin “Sahə jurnalistikası üzrə mütəxəssislərin hazırlanmasına mövcud yanaşmalar” mövzusunda dəyirmi masa müzakirəsi təşkil olunub.

Jurnalistikanın cəmiyyətin səfərbər edilməsində, dəyərlərin qorunmasında və sosial kapital kimi etimadı gücləndirməkdə rolu məsələləri bugünkü tədbirin əsas diqqət mərkəzində dayanırdı.

“Astana Media Week” dövlət, müstəqil, peşəkar və inkişaf etməkdə olan media qurumlarını bir araya gətirən illik media və jurnalistika tədbiridir.

Bu tədbir illər ərzində Qazaxıstanda və regionda media sektoru üçün əsas inkişaf nöqtəsinə çevrilib və peşəkar icmalar, tənzimləyici orqanlar və beynəlxalq platformalar arasında dialoqu asanlaşdırıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
17
azertag.az

1Mənbələr