“Dildən düzgün istifadə etməyənlər cəzalandırılmalıdır”
Azərbaycan dilini qorumaq hər bir azərbaycanlının başlıca vəzifəsidir. Yalnız sadə vətəndaşlar deyil, bütün dövlət qurumları, özəl təşkilatlar, dillə məşğul olan qurumlar bu işdə yaxından iştirak etməlidirlər. Çox təəssüflər olsun ki, bir sıra hallarda dilimizin saflığının qorunması istiqamətində öz vəzifələrini dərk etməyən qurumlara da təsadüf edirik, bu, reklam şirkətlərinə, ayrı-ayrı təşkilat və müəssisələrə də aiddir.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında ana dilinin saflığının qorunmalı olduğunu bəyan edib.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı Prezident bu məsələyə xüsusi diqqət ayırıb, dilimizin qorunmasının vacibliyi ilə bağlı çağırışlar edib.
Prezident çıxışında bildirib: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.
Dövlət qurumları dilin saflığını qorumaq üçün hüquqi-inzibati müstəvidə addımları çox ləng atır, bəzən heç atmır. Təcrübə göstərir ki, dilin saflığını qorumaq üçün təkcə qanunlar qəbul etmək, orfoqrafiya lüğəti çap etmək, seminarlar keçirmək, tövsiyələr verməklə iş bitmir. Düzdür, bunlar da vacib məsələlərdir, əhəmiyyətlidir. Amma bəzən hüquqi-inzibati müstəvidə də addımlar atmaq lazım olur. Hələ indiyə qədər müşahidə olunmayıb ki, efirdə danışarkən, tutalım, rus dilində bir ifadə işlədən adama qarşı inzibati addım atılsın, məhkəmə tərəfindən qərar çıxarılsın ki, bu adam televizyada danışarkən qeyri-dilə aid ifadə işlətdiyi, yaxud hansısa bir sözü bizim dildə qarşılığı olduğu halda onu ingiliscə, rusca dediyi üçün 50 manat cərimə olunur. Biz bunu görmürük.
Ekspertlər hesab edir ki, Prezidentin səsləndirdiyi fikirlərdən dil qaydalarının pozulmasına göz yuman, buna şərait yaradan qurumlar nəticə çıxarmalıdır. Çünki Prezidentin çıxışında dillə bağlı narahatlıqların olması cəmiyyətə, dövlət qurumlarına ciddi siqnaldır və hər kəs üzərinə düşən işi layiqincə görməlidir ki, bu narahatlıq olmasın.
“Vəzifəsini icra etməyənlərlə bağlı…”
Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, əlbəttə, Azərbaycan dövləti Azərbaycan dilinin qoruyucusudur, bu da təbiidir. “Çünki Azərbaycan Respublikasından kənarda yaşayan soydaşlarımız öz dövlətlərində yaşamadıqlarına və üstəlik də yaşadıqları dövlətlərdə bizim dilə qarşı ögey münasibət sərgiləndiyinə görə dilimiz oralarda qoruna bilmir. Özəlliklə də Güney Azərbaycanda dilimizin qorunması məsələsi bərbad vəziyyətdədir. Bunun üçün də Azərbaycan dövlətinin üzərinə düşən vəzifə, əlbəttə, dilimizi qorumaq, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar arasında da ana dilimizin saf bir şəkildə təbliğinə nail olmaqdır. Doğrudan da sual olunur ki, biz dünyanın hər yerində Azərbaycan dilinin ayaqda tutulması üçün çalışmaqda ikən, necə olur ki, Azərbaycanın içində dilimizə münasibət bu qədər ögey olur? Yəni ana dilimizin qorunması ilə məşğul olanlar niyə üzərlərinə düşən vəzifəni icra edə bilmirlər? Məsələ bundadır ki, Azərbaycanın bir çox dövlət qurumlarında, o cümlədən də bu sahəyə məsul olan qurumlarda Azərbaycan milli kimliyini tam mənimsəməmiş adamlar hələ də qalmaqdadır. Hətta baxırsız ki, bu cür işlərlə məşğul olanlar Azərbaycan dilində deyil, rus dilində danışmağa üstünlük verir. Təbiidir ki, hər zaman rus dili haqqında düşünən, ümumiyyətlə beyni, təfəkkürü rusca olan adamlardan Azərbaycan dilinin qorunmasını biz necə tələb edə, yaxud gözləyə bilərik? Ona görə də düşünürəm ki, Azərbaycanın dövlət dilinin qorunması məsələləri ilə məşğul olan qurumlara sırf millivə prinsipial adamlar cəlb edilməlidir. Onlar bu işlə məşğul olurlarsa bütün göstəriciləri ilə milli kimliyə bağlı olmalıdırlar. Yoxsa sadəcə olaraq işlədikləri müəssisələrə bir iş yeri kimi baxaraq bu cür vəzifələrdə oturan adamlardan nəticə gözləmək olmaz. Bizim kimi ictimaiyyət önündə olan insanlar dəfələrlə mediada, ayrı-ayrı toplantılarda ana dilimizlə, dövlət dilimizlə bağlı problemləri dilə gətiririk, həll yollarını göstəririk. Təkliflər veririk, heç bir qarşılıq gözləmədən öz zəhmətimizi də təklif edirik.Amma bu illər ərzində görmədik bizim bu təkliflərimiz nəzərə alınsın. Dilimizin yad, yabançı sözlərdən təmizlənməsi, eyni zamanda hələ də rus dilinin qalığı kimi dilimizə pərçimlənmiş tərkiblərin təmizlənməsi kimi məsələlərlə bağlı şəxsən özüm illərdir danışıram. Sadəcə olaraq heç kim buna əhəmiyyət vermir”.
A.Həsrət qeyd etdi ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, başqa uyğun qurumlar, Nizami adına Ədəbiyyat İnstitutu və digərləri bu məsələdə töhfə verə bilər. “Amma onların heç biri bizim bu dediklərimizi nəzərə almır. Almadıqları üçün də cənab Prezidentin özü məcbur olur ki, Akademiyanın yubiley tədbirindəki çıxışında həm də bu məsələyə diqqət yetirsin”-deyə A.Həsrət bildirdi.
A.Həsrət qeyd etdi ki, dilimizə yad ifadələri pərçimləyən insanlara hüquqi-inzibati cəza verməli olan adamlar da milli düşüncəli şəxslər olmalıdır. “O tədbirləri görəcək insanlar da milli təəssübkeş insanlar olmalıdır. Vəzifə başında oturublar, öz vəzifələrini dərk etmirlər, maaşlarını alıb rahat olurlar və düşünürlər ki, maaşımızı aldıq hər şey yolundadır. İnsanların daha vətənpərvər, daha məsuliyyətli, daha təəssübkeş olması lazımdır. Hüquqi-inzibati tədbirlər, cərimələr problemi həll etmir. Birincisi, maarifləndirmə işləri aparılmalıdır, ikincisi də maarifləndirmə işləri ilə məşğul olanların özləri o səviyyədə olmalıdır. Misal üçün, televiziya kanallarında reklamlar gedir, bir də görürsüz ki, o reklamlarda səhvlər müşahidə olunur. Olub ki, bizim televiziya işçilərindən “bu qədər səhvlər gedir, niyə buna baxmırsınız” deyə soruşmuşam, mənə “məsuliyyəti biz daşımırıq” cavabını veriblər. Məsuliyyəti daşıdınız, ya daşımadınız, bu yanlışlıq sizin efirdə baş verir, o reklamı siz təqdim edirsiniz. Burda reklamı hazırlayan görünmür, tamaşaçı sizi görür. Çiyinlərini çəkirlər. Yəni bu istiqamətdə sərt tələb qoyulmalıdır ki, dil qaydası pozuldusa həmin kanalda reklamla bağlı cəza tətbiq olunmalıdır. Eləcə də o cür reklam hazırlayıb efirə verənlər, dildən düzgün istifadə etməyənlər cəzalandırılmalıdır. Amma yenə deyirəm, cəzalar son çarə kimi tətbiq olunmalıdır. Ona qədər vəzifəsini icra etməyənlərlə bağlı tədbir görülməlidir”-deyə A.Həsrət bildirdi.
İradə SARIYEVA