AZ

Silikon vadisindən investor: Azərbaycanın startap ekosistemi böyük potensiala malikdir

Bakı, 5 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanın startap ekosistemi böyük potensiala malikdir. Hələ bütün şirkətlərlə tanış olmasam da, artıq burada ciddi işlərin görüldüyünü görürəm. Biz “Pasha Holding”in baş ofisini ziyarət etdik və mən xoş təəssürat aldım. Şirkət sahibkarlıq icmasının və yeni nəsil startapçıların inkişafını fəal dəstəkləyir. “StrategEast” Avrasiya Forumu çərçivəsində, xüsusilə fintex və biotexnologiya sahələrində, çox maraqlı və məzmunlu müzakirələr aparıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Outpost Capital” və “Solaris Venture Partners” vençur fondlarının tərəfdaşı, San-Fransiskoda yerləşən Silikon vadisindən investor Rayan Van (Ryan Wang) bildirib.

Rayan Van ilk dəfə Bakıda təşkil olunan 7-ci “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu”nda iştirak etmək üçün Azərbaycana gəlib. Silikon vadisindən olan investor ilk dəfə Azərbaycana səfərindən məmnun qaldığını, paytaxtın cəlbediciliyini və yerli innovasiya ekosisteminin perspektivliyini qeyd edib:

“Bu səhər şəhərdə gəzintiyə çıxdım. Bakı olduqca gözəl və gəzinti üçün çox rahat şəhərdir. Hava da mükəmməldir — nə çox isti, nə də soyuq. Mən yerli innovasiya ekosistemi haqqında daha çox öyrənməkdə çox maraqlıyam. Eşitmişəm ki, burada süni intellekt sahəsində layihələr fəal inkişaf edir və yeni dövlət təşəbbüsləri həyata keçirilir”, - deyə investor vurğulayıb.

Silikon vadisində Azərbaycanın necə tanındığı ilə bağlı suala cavabında vençur fondlarının tərəfdaşı Rayan Van bildirib ki, hələlik ölkə texnoloji dairələrdə o qədər də tanınmır, lakin startap sahəsində böyük potensiala malikdir: “Düzünü desəm, Silikon vadisində Azərbaycan haqqında çox az adam məlumatlıdır. İnsanların çoxu ölkə barəsində daha çox Formula-1-dən eşidib, nəinki onun texnoloji şirkətləri sayəsində. Mən dostlarıma Bakıya uçacağımı dedikdə onlar sevindilər, amma dərhal telefonlarını çıxarıb xəritədə Bakının harada yerləşdiyini yoxladılar (gülür). Məncə, burada böyük bir fürsət var — ekosistemlər arasında körpü qurmaq, Bakını tanınan innovasiya mərkəzinə çevirmək, kapital və tərəfdaşlar cəlb etmək”.

İnvestor əminliklə ifadə edib ki, Azərbaycan texnoloji sahibkarlığın inkişafı və qlobal innovasiya xəritəsində uğurlu mövqeyə sahib olmaq üçün bütün zəruri şərtlərə malikdir.

 

Seçilən
71
1
azertag.az

2Mənbələr