AZ

Regionun gələcəyinə, sülhün və birgəyaşayışın bərpasına yönəlmiş strateji mesaj

Prezident İlham Əliyevin “Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır” fikri son illərin ən mühüm və dərin məzmunlu siyasi bəyanatlarından biridir

Azərbaycan xalqının Böyük Qayıdış dövrü yalnız bir əraziyə dönüş prosesi deyil, həm də milli yaddaşın, mənəvi bütövlüyün və tarixi ədalətin bərpa mərhələsidir. Bu qayıdış bir xalqın azadlıq, suverenlik və ədalət uğrunda illərlə apardığı mübarizənin təntənəsidir. Lakin bu geriyə dönüş nə revanşist hisslərin, nə də hərbi qələbə təntənəsinin davamıdır. Qayıdış  məhz sülhün, yenidənqurmanın və gələcək birgəyaşayışın başlanğıcıdır. Buna görə də bu proses Ermənistan xalqı və dövləti üçün qorxu mənbəyi deyil, əksinə, yeni siyasi reallıqlar fonunda bir fürsət, regionun sabitliyi üçün tarixi şans kimi dəyərləndirilməlidir.

Azərbaycan bu gün qalib xalq kimi qisasla deyil, ədalətlə davranır. Qələbənin gətirdiyi məsuliyyətin fərqində olan dövlətimiz qalibiyyətin mənəvi yükünü mərhəmət, bərpa və sülh missiyasına çevirib. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri, şəhərlərin müasir üslubda yenidən qurulması, kəndlərin, məktəblərin, yolların inşası bir daha göstərir ki, Azərbaycan gələcəyi müharibə deyil, dinc və firavan həyat üzərində qurur. Bu baxımdan Böyük Qayıdış yalnız azərbaycanlıların deyil, bütövlükdə region xalqlarının rifahı naminə həyata keçirilən layihədir.

Ermənistan tərəfi illərlə bu reallığı görmək istəmədi. Onilliklər boyu saxta təbliğatla öz xalqını “qorxu ideologiyası” ilə tərbiyə etdi. Belə bir absurd təbliğat aparıldı ki, Azərbaycan xalqının öz torpaqlarına qayıdışı onların dövlətçiliyi üçün təhlükədir. Halbuki bu, tamamilə yanlış yanaşmadır. Azərbaycan heç vaxt başqa dövlətin ərazisinə iddia etməyib, heç vaxt işğalçılıq niyyətləri ilə çıxış etməyib. Bizim mübarizəmiz yalnız öz torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək və milli suverenliyimizi təmin etmək məqsədi daşıyırdı. İndi isə həmin məqsədlər reallaşıb, Vətən torpaqları azaddır, lakin bu azadlıq heç kimə qarşı yönəlməyib. Əksinə, bu azadlıq regionda yeni əməkdaşlıq modelinin yaranmasına zəmin yaradır.

Qayıdış prosesi Ermənistan üçün qorxu deyil, reallıqla barışma və gələcək üçün yeni səhifə açmaq imkanıdır. Çünki tarixi Azərbaycan torpaqlarına qayıdan insanlar sülh və inkişaf niyyəti ilə dönürlər. Onların məqsədi dağıntıları bərpa etmək, doğma yurdlarını yenidən canlandırmaq, həyatın səsini torpaqlara qaytarmaqdır. Bu torpaqlarda bir vaxtlar müxtəlif xalqlar birgə yaşamış, ticarət, mədəniyyət və sosial əlaqələr formalaşmışdı. Azərbaycanın bu bölgələri yenidən dirçələndikcə regionun iqtisadi əlaqələri də genişlənəcək, yeni nəqliyyat və ticarət xətləri həm Bakını, həm də İrəvanı daha da yaxınlaşdıracaq.

Ermənistan xalqının qorxusu əsasən təbliğatın yaratdığı saxta miflərdən qaynaqlanır. Onillərlə onlara “Azərbaycan qayıtsa, sizi sıxışdıracaq, məhv edəcək” kimi yalanlar təlqin edilib. Halbuki müasir Azərbaycan tam başqa bir dövlət modelinə çevrilib. Bugünkü Azərbaycan humanist, inklüziv və beynəlxalq hüquqa əsaslanan siyasət yürüdür.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi “Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır” fikri son illərin ən mühüm və dərin məzmunlu siyasi bəyanatlarından biridir. Bu cümlə təkcə bir tarixi gerçəklik və ya humanist çağırış deyil  regionun gələcəyinə, sülhün və birgəyaşayışın bərpasına yönəlmiş strateji mesajdır. Azərbaycan lideri bu sözlərlə həm tarixi ədalətin bərpasının zəruriliyini, həm də sülhün zor gücünə deyil, qarşılıqlı anlayışa əsaslanmalı olduğunu vurğuladı. Bu fikir, əslində, Cənubi Qafqazda yeni mərhələnin ideoloji çərçivəsini müəyyənləşdirir. Qalib Azərbaycanın mövqeyi revanşist və ya təzyiq yönümlü deyil, tam əksinə  o, sülh, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin “Tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” ifadəsi bu yanaşmanın mahiyyətini ən dəqiq şəkildə ifadə edir. Azərbaycan bu gün öz gücünü müharibə aləti kimi deyil, ədalətin və sülhün təminatçısı kimi istifadə edir. Bu bəyanat həm də bir tarixi yaddaşın bərpasına çağırışdır. Ermənistanın indiki ərazisində  qədim azərbaycanlı yurdlarında  bir zamanlar dərin köklərə malik həyat, mədəniyyət və birlik mövcud idi. Göyçə, Zəngəzur, İrəvan, Dərələyəz kimi bölgələrdə əsrlər boyu azərbaycanlılar yaşamış, mədəni irs, memarlıq abidələri, dini məbədlər yaratmışdılar. Lakin XX əsrdə baş verən zorakı köçürülmələr, sovet hakimiyyətinin ədalətsiz qərarları və sonrakı etnik təmizləmə siyasəti bu bölgələrdəki azərbaycanlı varlığını silmək məqsədi daşıyırdı.

Dövlətimizin başçısının “qayıdış” anlayışı bu mənada sadəcə fiziki deyil, mənəvi və tarixi qayıdışdır. Bu, o torpaqlara düşmən kimi yox, ədalətin bərpası naminə, dinc şəkildə, sülh və qarşılıqlı hörmət şəraitində dönmək anlamını daşıyır. Cənab Prezidentin vurğuladığı kimi, bu qayıdış Ermənistan üçün təhlükə deyil, əksinə, onun öz gələcəyi üçün yeni fürsətdir. Əgər Ermənistan bu prosesə rasional və konstruktiv yanaşarsa, regionda davamlı sülhün və iqtisadi inteqrasiyanın bünövrəsi elə bu anlayış üzərində qurula bilər. Azərbaycanın dövlət siyasətində bu yanaşma “qalibin məsuliyyəti” prinsipini formalaşdırır. Çünki qalib olmaq təkcə torpaqları azad etmək deyil  həm də ədaləti bərpa edərkən nifrət və intiqamdan uzaq durmaq deməkdir. Bu baxımdan Azərbaycan unikal bir nümunə göstərir: müharibəni qələbə ilə başa vurmuş ölkə kimi o, sülhü təkidlə təşviq edir, gələcəyə baxışını intiqamla deyil, inteqrasiya ilə bağlayır.

Prezident İlham Əliyevin bu çağırışının mahiyyətində həm də psixoloji və humanitar bir məqsəd dayanır. Ermənistanda illər boyu azərbaycanlılara qarşı yaradılmış qorxu və düşmən obrazı hələ də cəmiyyətin bir hissəsində mövcuddur. Azərbaycan liderinin “qorxmayın” mesajı bu qorxunun kökündəki mifləri dağıtmaq, qarşı tərəfə real vəziyyəti anlatmaq niyyəti daşıyır. Bu, həm də sülh prosesinin sosial və mənəvi tərəfini formalaşdıran addımdır.

Qayıdış ideyası həm tarixi, həm də geosiyasi baxımdan yeni mərhələnin başlanğıcıdır. Bugünkü Azərbaycan öz gücünə, beynəlxalq nüfuzuna və iqtisadi imkanlarına güvənərək sülhü təklif edən tərəfdir. Ermənistan isə bu təklifi qəbul etməklə əslində öz gələcəyini xilas edə bilər. Çünki regionda davamlı sülh yalnız qarşılıqlı etimad, sərhədlərin açılması, kommunikasiyaların bərpası və xalqlar arasında psixoloji baryerlərin aradan qaldırılması ilə mümkündür. Bu baxımdan “qayıdış” sadəcə keçmişə dönüş deyil, gələcəyə baxışdır. Azərbaycanın çağırışı revanş deyil, ədalətdir; zor deyil, sülhdür; nifrət deyil, tarixlə barışıqdır. Bu çağırış təkcə Ermənistan üçün deyil, bütün region üçün yeni bir səhifə açmaq potensialına malikdir. Prezident İlham Əliyevin bu fikri həm də bir mənəvi ədəb dərsidir: qalib olmaq üçün gərək ədalətli qalasan, ədalətli qalmaq üçünsə gərək tarixə dürüst baxasan. Azərbaycan bu gün məhz bu prinsipin üzərində dayanır.  Gücü ədalətlə, ədaləti sülhlə birləşdirərək Cənubi Qafqazda yeni bir reallığın müəllifinə çevrilir.

Nigar Orucova, “İki sahil”

Seçilən
52
ikisahil.az

1Mənbələr