AZ

Dözümlü, dişli, təcrübəli CANAVAR - "Qarabağ"!

Saat 4-də oyandım... Su içməmiş "Çelsi"ni yaxasından tutub silkələməyimiz ilk xatırladığım şey oldu. Əlbəttə yuxu deyil, "Qarabağ" 2:2 hesablı heç-heçəyə nail olub. "Zadəganlar" hardasa, buna hazır deyildilər. Qurban Qurbanov taktikada sürüdü həmkarını. Məncə, bilirdi ki, müdafiənin mərkəzində basqıya salacaqları zəiffason bir bənd var. O nə yüklənmə idi mərkəz müdafiəçisinə... Qurbanova 10 üzərindən 10 düşür. Hə, Mareska bizdən 3-cü zonada belə pressinq gözləmirdi. "Köhlənlər"in çalışdırıcısı nəinki bu süprizi etdi, həm də bir müdafiəyə əla yüklənib boşluğu inanılmaz dəyərləndirdik. Həmin bəndi bir epizodda Kamilo baqqala göndərdi, Andrade qol vurdu. O biri epizodda da Yankoviçə penaltini dəyərləndirmək imkanı verdi.

Başda Leandro olmaqla (mənimki bu dəli vingerdi) hamısı canavardı. Dözümlü, dişli, təcrübəli canavar. O canavar ki, özündən 40 dəfə böyük bizonların buynuzunu qıra, ondan tikə qopara bilir. Dəyərli maestro - Marko Yankoviç, Koxalski, Elvin Cəfərquliyev, Nəriman, Bəhlul, Medina, Silva, Toral, Zubir, Kadi, Addai (adamı çox əsəbləşdirsə də), Kaşuk (ehtiyat qüvvə kimi basqılıdı) və digərləri azərbaycanlılar üçün əfsanə, digərləri üçün ÇL-də şou göstərən "Qarabağ"ın tanınan oyunçularıdı. Bir də hiss etdim ki, yarım saatdı dalmışam. Qollara yenidən 2 dəfə baxıb postu yazdım. Çimdiyə ehtiyac yoxdu. 7 xal da reallıqdı, 2:2 də. Sabahın xeyir, Avropa futbolu, oyan, bizdən danış. "The Times" başlıq qoysun, "Four Four TWO" incələsin... Biz də erkən oyanaq, təmsilçimizin haqq etdiyi cümlələri oxuyaq... Birimiz gürcü dostlarımızdan təbrik eşidib qürurlanaq, o birimiz türkiyəli qardaşlardan, ruslar da "nu koneçno je "Karabax" molidets. Prosto krasavçiki" desinlər. Həzz almağa davam. Bu bir ÇL macərasıdır.

Nihat Ağasoy

 

Seçilən
36
1
fanat.az

2Mənbələr