AZ

Qürur və fəxarət günü

Bakı tarixi Zəfərimizin beş illiyi münasibətilə möhtəşəm parada hazırlaşır

"Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək". Bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib.

Bir neçə gündür parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. 

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Ümumiyyətlə, Zəfər paradı Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin simvolu olaraq böyük əhəmiyyət kəsb edir. Bu paradın keçirilməsi həm də xalqın milli qürurunun və tarixi qalibiyyətinin təntənəsidir. Zəfər paradı 2020-ci il noyabrın 8-də Böyük Qələbənın və 44 günlük Vətən müharibəsinin şanlı qalibiyyətinin qeyd olunması məqsədilə təşkil olunur. Zəfər paradı Azərbaycanın Silahlı Qüvvələrinin, xüsusilə də ordu və polisin peşəkarlığının, döyüş hazırlığının və vətənpərvərliyinin təntənəsidir. Hərbi parad qalibiyyətin yalnız siyasi rəhbərlik tərəfindən deyil, həm də Azərbaycanın güclü ordu quruculuğu ilə mümkün olduğunu göstərir. Bu, eyni zamanda Azərbaycan Ordusunun beynəlxalq miqyasda tanınması və gücünün nümayişidir. Bu paradın keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edildiyini simvolizə edir. Bu, illərlə davam edən münaqişənin sona çatması, həmçinin Azərbaycan xalqı üçün uzun müddət gözlənilən bir qələbənin əlamətidir. Parad həm də Azərbaycan dövlətinin ərazi bütövlüyünü və müstəqilliyini qorumaq istiqamətində atdığı mühüm addımların təntənəsidir.

Zəfər paradı Azərbaycanın zəngin tarixini və mədəniyyətini dünyaya nümayiş etdirmək üçün bir vasitədir. Paradda iştirak edən zabit və əsgərlər, hərbi texnikalar ordumuzun qüdrətini, döyüş qabiliyyətini göstərir.

Qələbə paradı beynəlxalq aləmə də mühüm bir mesaj verir. Bu, Azərbaycanın milli suverenliyini və müstəqilliyini qorumaq haqqının tanınması, habelə torpaqlarını işğaldan azadetmə haqqının təsdiqidir. Parad digər ölkələrə və xalqlara münaqişələrin sülh yolu ilə həllinin, amma eyni zamanda xalqın və dövlətin öz hüquqlarını qorumaq üçün son dərəcə qətiyyətli olmasının vacibliyini təsdiqləyir.

Beş il öncə Vətən müharibəsində qələbəni bizə bəxş edən qüdrətli Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovub. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu qələbəni belə dəyərləndirib: "Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir". 

Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirən reallıqdır. 

Zəfər paradı həm də gələcək nəsillərə Azərbaycanın müstəqilliyi uğrunda göstərdiyi fədakarlıqların və qazandığı zəfərlərin əhəmiyyətini anladan simvoldur. Bu, xalqın tarixini və bu günə qədərki mübarizəsini gələcək nəsillərə tanıtmaq üçün bir fürsətdir. Tədbir həm də gələcəkdə Azərbaycanın qələbələrini daha da artırması və müstəqilliyini qorumağa davam etməsi üçün bir motivasiya mənbəyi olacaq.

Bir sözlə, bu parad təkcə hərbi qələbənin deyil, həm də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, milli birlik və qürurunun simvoludur. Bu tədbir Azərbaycanın tarixi zəfərinin təntənəsi olmaqla yanaşı, xalqın və dövlətin gələcəkdəki məqsədlərinə doğru daha da irəliləməsinə və beynəlxalq aləmdə güclü bir mövqe tutmasına zəmin yaradır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
76
azerbaijan-news.az

1Mənbələr