AZ

Prezident İlham Əliyev intellektual potensialın inkişafının əsas ölçülərini və meyarlarını müəyyən etdi

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı səsləndirdiyi fikirlərə ayrı-ayrılıqda toxunmadan öncə mütləq onu vurğulamalıyıq ki, bununla Liderimizin yüksək erudisiyalı bir insan, siyasi xadim olduğu bir daha təsdiqini tapdı. Elm ictimaiyyətinin mövcud reallığı, qarşıda dayanan çağırışlar, dövlət başçımızın gözləntiləri, tapşırıq və tövsiyələri çıxış zamanı ardıcıllıqla səsləndirildi. Çıxış proqram xarakterli olmaqla yanaşı, həm də Azərbaycan elminin keçdiyi inkişaf yoluna nəzər yetirdi.

Dövlətimizin  başçısının da bildirdiyi kimi, Milli Elmlər Akademiyası Azərbaycan elminin lokomotividir. Bu baxımdan, bu sahə xüsusi diqqət və qayğıdan kənar qalmamalı, hətta dövlətin və cəmiyyətin fəaliyətinin nüvəsində yerləşməlidir. Qürurverici məqam odur ki, həqiqətən də Azərbaycan tarixin müxtəlif dönəmlərindən, quruluşlardan, sınaqlardan keçsə də, elmin inkişafı diqqətdən kənar qalmamışdır. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin hərtərəfli fəaliyyətini hər zaman əsas tutaraq elmin inkişafına da yüksək diqqət və qayğı göstərmişdir. Hələ sovetlər dövründə Ulu Öndər Heydər Əliyev alimlərimizin fəaliyyətini dəstəkləməkdən ötrü dövrün risklərini belə gözə almışdır. Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi, onun maddi-texniki təminatının yaxşılaşdırılması, yeni elmi-tədqiqat institutlarının yaradılması, elmin inkişafına nəzərəçarpan vəsaitin ayrılması Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycanlı gənclərin bilik və bacarıqlarının artırılması, onların ölkənin siyasi, iqtisadi sferalarında, orducu quruculuğunda iştirakının artırılması məqsədilə sovet ittifaqının nüfuzlu ali məktəblərində təhsil almaları üçün göndərilməsi Azərbaycanın dayanıqlı əsaslarla inkişafının, özünüdərkin daha da dərinləşdirilməsinin əsasını qoydu. 

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ilk görüşünü də elə ziyalılarımızla Milli Elmlər Akademiyasında keçirmişdir. Ulu Öndərimiz məhz həmin insanların əhatəsində xalqa müraciət edərək inkişaf prioritetlərimizi ardıcıllıqla, açıq formada oradan səsləndirmişdir. Məhz bu addımın özü də yeni, çətin yola çıxan bir xalqın öz elmi, mədəni səviyyəsinin dünyaya layiqli nümayişi idi. Ən həssas dönəmlərdən biri olmasına və maddi-mənəvi çətinliklərə baxmayaraq, akademiyanın iş fəaliyyətinin dəstəklənməsi məqsədilə maddi vəsait ayrıldı.

Prezident İlham Əliyev hər bir sferada olduğu kimi, elm və təhsil sahəsində Ulu Öndərimizin müəyyən etdiyi xətti davam etdirir. Bu gün on minlərlə gəncimiz dünyanın ən reytinqli universitetlərində təhsil almaq üçün dövlət qayğısı ilə təmin olunurlar, həmin ali məktəbləri bitirdikdən sonra Vətənimizə qayıdaraq ölkəmizin daha da inkişaf etməsi üçün töhfə verirlər.  Bu gün Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Yeni böyük elmi kitabxananın, Milli Ensiklopediya üçün yeni binanın, yeni elmi-tədqiqat institutlarının inşa və müasir avadanlıqlarla təchiz edilməsi Azərbaycan Prezidentinin şəxsi diqqət və qayğısı ilə həyata keçirilmişdir. Elmin inkişafı üzrə Milli Strategiyanın, "Elm haqqında" qanunun, dövlət proqramının qəbul edilməsi isə proseslərə sistematik, fundamental, koordinasiyalı baxışdır. Bu siyasətin davam etdirilməsi bilavasitə Heydər Əliyev siyasətinin davam etdirilməsi deməkdir, bu iki amil bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğundan bu, dövlətimizin və cəmiyyətimizin elmi olduğu qədər, mədəni, mənəvi və ən əsası ideoloji baxımdan da sağlam təməllər üzərində inkişafını təmin edən məsələdir. 

Prezident İlham Əliyevin AMEA-dakı çıxışı müasir cəmiyyətin intellektual potensialının inkişafına və bu inkişafın önəminə bir daha işıq tutdu. Hətta deyərdim ki, bu çıxış ömürlük təhsil kontekstində intellektual potensialın inkişafının əsas ölçülərini və meyarlarını müəyyən etdi. Çıxış boyu qloballaşma, davamlı inkişaf, müasir cəmiyyətin informasiya və bilik əsaslı yüksəlişi, təhsil fəlsəfəsi, davamlı təhsil sahəsində xarici və yerli alimlərin elmi-tədqiqat işlərinin ümumiləşdirilməsi və təhlili kimi məsələlər önə çəkildi. Bir daha müəyyən olundu ki, cəmiyyətin intellektual potensialı ilə intellektual mədəniyyəti üzvi surətdə bir-biri ilə bağlıdır. Bunu möhkəmləndirən amil odur ki, Zəfərimiz haqqında dünyanın aparıcı tədqiqat institutları araşdırmalar aparır. Bu gün dünyada fərdin cəmiyyətə töhfə verə bilmə qabiliyyəti tədqiq olunur, buna sərmayə qoyulur. Müasir dövrün nəbzini tutan dövlət başçımız buna görə də bildirir ki, resurslar bir vasitədir, əsasən, kapital insanın bilik və bacarıqlarına yönləndirilməlidir. "İntellektual kapital", onun tərkib hissələrindən biri kimi "insan kapitalı" anlayışı müasir iqtisadi təhlildə aparıcı anlayış hesab olunur. Dövlət başçımız çıxış boyu intellektual potensialın inkişafı və risklərin təhlilini də dəqiqliklə verdi.  Bu baxımdan, qarşıda bəzi tapşırıqlar da qoydu. Belə ki, dövlət qurumları ilə alimlərimiz arasında ünsiyyətin artırılması olduqca önəmli məsələdir ki, burada söhbət hərtərəfli amillərdən gedir. Postsənaye cəmiyyətinin transformasiyası şəraitində intellektual iqtisadiyyatın formalaşması vacib amillərdən biridir. Müasir dövrdə iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi həm resurs, həm də məhsul kimi çıxış edən bilikdir. Bilik ən böyük məhsuldur ki, buna iqtisadi sistemin bütün səviyyələrində xüsusi tələbat var. Müasir informasiya texnologiyaları və sistemlərinin inkişafı şəraitində cəmiyyətin intellektual kapitalına əsaslanaraq sosial rifahın artımını, ölkələrin beynəlxalq rəqabət qabiliyyətini təmin edirlər. Bilik cəmiyyəti dəyişdirən, yaradan, formalaşdıran, tərəqqini yayan bir iqtisadi sistem növüdür. Yəni bilik iqtisadi sistemin inkişafının nüvəsindədir. 

Müasir cəmiyyətdə inkişafın sürətli dəyişiklikləri onu diktə edir ki, insan biliklərinin, səriştələrinin və bacarıqlarının davamlı və geniş şəkildə yenilənməsinə ehtiyac var. Bu ehtiyac ölkənin və ya böyük bir regionun iqtisadi səmərəliliyinə, insan kapitalının əhəmiyyətli artmasına təsir edir. İntellektual iqtisadiyyatın, inkişafın müxtəlif istiqamətlərinin, bütövlükdə cəmiyyətin formalaşması üçün milli proqramların qurulması, eləcə də bu proqramların uğurunun qiymətləndirilməsi vacib amildir. Bu, hesabatlılıq deməkdir. Yəni intellektual potensiala dövlət sərmaye qoysa da, fərd də, ölkənin elm ictimaiyyəti öz üzərinə düşən işi layiqincə yerinə yetirməli, səylərini əsirgəməməlidirlər.

Çıxışında tariximiz, şanlı Zəfərimiz və ana dilimizin incəliklərinə varan dövlət başçımız bir daha bütün cəmiyyəti səfərbər etdi ki, həm tariximizin, həm dilimizin keçmişinə olduğu qədər mövcud durumuna, gələcəyinə də bərk əllə sahib çıxaq.  Azərbaycan bütün beynəlxalq konvensiyalara riayət edərək müharibə apardı. Zəfərimiz ləyaqətli Zəfərdir. Azərbaycan xalqının xislətində dağıtmaq, talan etmək, separatizm düşüncəsi tarix boyu olmayıb. Azərbaycanlılar dünyanın dörd bir yanına səpələnsələr də, həmin ölkənin, dövlətin təməl prinsiplərdindən uzaq düşməyiblər. Xalqımız tarix boyu qurub-yaradan xalq olmuşdur. Məhz bu yüksək keyfiyyətlər Azərbaycan xalqını dünyada ləyaqətli xalq kimi tanıdır. Qarabağ və Şərqi Zəngəzurun bərpası sadəcə dövlətimizin deyil, xalqımızın ümdə arzularından, məqsədlərindən biridir. Qurub-yaradan xalqımızın bu məqsədi regionun inkişafına, region xalqlarının sülh və rifah içində yaşamasına gətirib çıxardacaq. Bu ali məqsəd Cənubi Qafqaz səmalarından artıq müharibə riskini təmizləyəcək. 

Elm və texnologiya inkişaf etdikcə, onun arealı böyüdükcə, dünya kiçilir, bu mərhələdə ana dilimizin kiçilməsinə qəti icazə verməməliyik. Ümummilli Liderimiz Heydər Əliyev dilimizə özünəməxsus yanaşırdı, onu "ləzzətli dil" kimi xarakterizə edirdi. Düşünürəm ki, hər birimiz bu ləzzəti qoruyub-saxlamalıyıq. Müzəffər Ali Baş Komandanımızın olduqca müdrik bir sözü var ki, Zəfəri qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Odur ki, elmli cəmiyyət formalaşdıraraq, tariximizi, dilimizi, dəyərlərimizi yüksək tutaraq bütöv Azərbaycanımızın töhfəsi üçün, tam Qələbəmizin davamlı olması üçün hər kəs çalışmalıdır. 

Azər BADAMOV,

Milli Məclisin deputatı

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr