AZ

Bəsti Nəsibova: “Zəfər Günü xalqımızın birliyinin, qəhrəmanlığının və Vətən sevgisinin rəmzidir”

“Zəfər Günü mənim üçün qürur, sevinc və birlik günüdür. Bu gün xalqımızın qəhrəmanlığını, vətən sevgisini və birliyini nümayiş etdirən ən əziz günlərdən biridir. 8 Noyabr – Zəfər Günü bizim tariximizə qızıl hərflərlə yazılmışdır.”

Bu fikirləri “Gələcəyə Baxış – Avropaya İnteqrasiya” İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a açıqlamasında bildirib. O qeyd edib ki, bu gün Azərbaycan xalqı torpaqlarının azad olunduğunu və şəhidlərimizin qanının yerdə qalmadığını böyük fəxrlə xatırlayır. Bəsti Nəsibova vurğulayıb ki, Zəfər Günü yalnız bir tarixi hadisənin ildönümü deyil, həm də xalqımızın milli ruhunun, birliyinin və mübarizə əzminin təntənəsidir:

"İkinci Qarabağ müharibəsində qələbəmizin əsas səbəblərindən biri xalqla iqtidarın birliyidir. Həmin dövrdə bütün xalq Ali Baş Komandanın ətrafında birləşdi və ordumuza güclü mənəvi dəstək göstərdi. QHT sektoru milli həmrəyliyin qorunmasında mühüm rol oynayır. Qeyri-hökumət təşkilatları cəmiyyətlə dövlət arasında körpü rolunu yerinə yetirərək insanların fikirlərini, problemlərini və təşəbbüslərini dövlətə çatdırırlar. Bu, qarşılıqlı inamın və birliyin möhkəmlənməsinə böyük töhfə verir. QHT-lər informasiya müharibəsində fəal iştirak edərək Azərbaycanın haqq səsini dünyaya çatdırırlar. Eyni zamanda, onlar gənclərdə milli dəyərlərə, vətən sevgisinə və həmrəyliyə hörmət hissinin formalaşmasına mühüm təsir göstərirlər".

Bəsti Nəsibova hesab edir ki, Zəfərdən sonrakı dövrdə QHT-lərin fəaliyyəti vətənpərvərlik tərbiyəsinin, şəhid ailələri və qazilərlə işin inkişafına yönəlməlidir:

"QHT-lər bu istiqamətdə müxtəlif sosial və maarifləndirici layihələr həyata keçirməli, gənclərdə Vətən sevgisini, torpağa bağlılığı və qəhrəmanlara hörməti daha da artırmalıdırlar. Şəhid ailələri və qazilərlə bağlı işlərdə QHT-lər onların sosial vəziyyətinə diqqət yetirməli, psixoloji və hüquqi dəstək proqramları təşkil etməli, onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına kömək göstərməlidirlər. Eyni zamanda, QHT-lər vətənpərvərlik mövzusunda tədbirlər, sərgilər, görüşlər və təlimlər keçirməklə gənc nəsli qəhrəmanlarımızın yolu ilə getməyə ruhlandırmalıdırlar. Bu fəaliyyətlər cəmiyyətdə milli birlik, vətən sevgisi və qəhrəmanlara dərin hörmət hissinin daha da möhkəmlənməsinə xidmət edəcək".

Seçilən
75
qht.az

1Mənbələr