Vaşinqton Pxenyana qarşı beşinci dəfə sanksiya tətbiq edib...
Poliqon xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi ABŞ administrasiyasının yeni sanksiyalarını sərt tənqid edib. Nazir müavini Kim Ŭn Çxorun bəyanatına görə, bu addım Vaşinqtonun Pxenyana qarşı “dərin və dəyişməz düşmənçiliyini” bir daha nümayiş etdirir.
KXDR rəsmisi bildirib: “ABŞ-ın təzyiq, hədə və şantaj üzərində qurulmuş saziş siyasəti heç vaxt KXDR üçün nəticə verməyəcək. Bu sanksiyalar bizim düşüncə tərzimizə və ABŞ-a münasibətimizə heç bir təsir göstərməyəcək. Sanksiyalarda israr etmək – uğursuz siyasətin klassik nümunəsidir”.
ABŞ 4 noyabrda KXDR-lə əlaqəli səkkiz fiziki və iki hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Bu şəxslər və şirkətlər Şimali Koreya tərəfindən həyata keçirilən kibercinayətkarlıq və texnoloji fırıldaqçılıqla əldə edilmiş gəlirlərin yuyulmasında iştirak etməkdə ittiham olunurlar.
Pxenyanın Xarici İşlər Nazirliyi cavab bəyanatında bildirib ki, “eyni uğursuz ssenarini təkrar-təkrar oynayıb fərqli nəticə gözləməkdən daha ağılsız davranış yoxdur”. Nazirlik əlavə edib ki, ABŞ “KXDR ilə mövcud strateji vəziyyəti öz xeyrinə dəyişdirmək imkanına malik deyil”.
Bəyanatda həmçinin vurğulanıb ki, Şimali Koreya “səbir və qətiyyətlə ABŞ-ın hər bir addımına güzgü kimi cavab verəcək” və Pxenyanın siyasi mövqeyi heç bir təzyiqlə dəyişməyəcək.
Ekspertlərin fikrincə, bu bəyanat KXDR-in ABŞ-la münasibətlərdə dialoqdan çox qarşıdurma xəttinə sadiq qaldığını göstərir.
Poliqon.info